0
1
comments
Thursday 2 January 2014 - 21:05

Dostlarımıza suallar

Story Code : 336870
Dostlarımıza suallar
Dostlarımıza suallar
Bəzi dostlarımız ötən dəfə müxalifət və Milli Şura ilə bağlı yazımızdan narahat olub, naratlıqlarının səbəbi də bu olub ki, müxalifətin birləşdiyi Milli Şura və bu qurum namizədi Cəmil Həsənli tənqid olunub. Bundan başqa dostlarımızın narahatçılığı üçün heç bir səbəb göstərilməyib.

Dostlarımıza birinci məsləhət görərdik ki, Azərbaycanda yerli mətbuatı, sosial şəbəkələri və baş verən və verməyən hadisələri diqqətlə izləsinlər, öz “ağıllı”, “səviyyəli” təhlillərini versinlər görək onlar məsələyə hansı münasibət göstərirlər.

Sözdə “biz əliyev rejiminə qarşı birləşmişik” deməklə müxalifət işini bitmiş hesab edirsə, deməli biz ötən yazımızda müxalifəti hələ heç tənqid belə etməmiş sayılırıq, çünki Azərbaycanın hazırkı vəziyyəti elə bir gündədir ki, yazmaqla bu məsələ bitməz.

İkincisi, azərbaycanlılar demiş, “gəlin əyri oturaq, düz danışaq”, haqq deməyə və ən əsası onu eşitməyə gücünüz varsa onda baxaq görək vəziyyət nə yerdədir və dostlarımızın fəaliyyətləri üçün narahat olduqları müxalifət nə işlə məşğuldur?

İlham Əliyevin 2003-cü ildən bu yana zaman zaman Azərbaycanda qurduğu totalitar rejim heç bir qanun, hüquq, əxlaq, sərhəd tanımır, həm yüksək vəzifəli həm də aşağı vəzifəli məmurları xalqla elə davranır ki, sanki Azərbaycan vəhşi, amansız, zalım, qatil bir dəstə tərəfindən işğal olunub. Onlar üçün müqəddəs heç nə yoxdur, heç Heydər Əliyevin tövsiyyələri və siyasəti belə müqəddəs deyil, ən azı onu deyə bilərik ki, Heydər Əliyevin dövründə bu qədər sayda siyasi məhbus, gənc fəal, dindar fəal, jurnalist həbs olunmamışdır, ən azı onu deyə bilərik ki, Heydər Əliyevin dövründə məmur tayfası bu dərəcədə azğınlaşmamış və qudurmamışdı.

Müxalifətə qarşı Heydər Əliyev bu qədər basqı göstərmirdi, uzağa getməyək, Heydər Əliyevin dövründə müxalifət partiyaları və müxalifət qəzetləri hakimiyyəti elə indiki kimi tənqid etdiyi halda öz ofislərindən çıxarılmırdı. Məktəblərdə hicab qadağası yox idi və bu qədər sayda dindarlar həbs olunmamışdı. Düzdür, İslam Partiyasının sədri və rəhbərlikdə olan bir neçə nəfər həbs olunmuşdu, ancaq nə partiyanın əlindən şəhərin mərkəzindəki ofisi alınmışdı, nə də ki, gənc dindarlar həbsə atılmışdı.

Biz Heydər Əliyevə tərif demək niyyətində deyilik, sadəcə olaraq oğlu ilə müqayisə aparırıq ki, İlham Əliyev hakimiyyətini də ən yaxşı elə Heydər Əliyev hakimiyyəti ilə müqayisə etmək olar. Başqa sözlə, İlham Əliyev atasına rəhmət oxutdura bildi. Belə olan halda bizim müxalifət nə işlə məşğuldur?

20 ildir seçkidə uduzan və ya seçkidəki saxtakarlığı öz xeyrinə həll edə bilməyən müxalifət liderləri hansı səbəbdən hələ də partiya sədrləri vəzifəsində qalıb? 2013-cü ilə xalqın bir neçə səbəbdən ümidi vardı, bunlar ərəb inqilablarının dünyada demokratiya mövzusunu aktuallaşdırılması, dünya güclərinin demokratiyaya daha çox diqqət ayırması, İlham Əliyevin artıq iki dəfə prezident seçilməsi, Azərbaycanda və dünyada İlham Əliyevin korrupsiya əməllərinin ifşa olunması, ölkədə represiya qurbanlarının sayının çox olması və bu səbəbdən qərb dünyasında Əliyev haqqında birmənalı fikirlərin olmaması, Türkiyədəki Gəzi parkı hadisələrinin Azərbaycana təsirləri, ili əvvəlində baş verən xalq üsyanları, xalqın qəzəbinin artması.

Müxalifət partiyalarından, siyasətçilərdən də hələ bir neçə il əvvəldən xalqın gözləntisi birləşmək, rejimə qarşı birgə mübarizə aparmaq idi. Ancaq müxalifət bu qədər səbəbləri və xalqın tələbinə rəğmən nə etdi? Birləşdimi? Birləşdi, ancaq necə?

Milli Şura formatında müxalifətin birləşməsi başlanğıcdan pis ideya deyildi, ancaq elə lap əvvəldən siyasi partiya liderlərinin şəxsi ambisiyaları, eqoları o qədər yüksəkdə idi ki, (elə indi də həmin vəziyyətdir) ordan nə Azərbaycan görünmür, nə də xalq, olsa prezident kürsüsü görünür ki, orda da ancaq bir adam otura bilər, ikincisi üçün yer yoxdur.

Milli Şura yaradılan zaman hansı səbəbdən təsis toplantısı bir neçə ay uzandı? Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyov göstəriləndə müxalifət liderləri bilmirdilərmi ki, O, Rusiya vətəndaşıdır və bu seçkidə iştirak üçün ciddi maneə olacaq? Bilirdilərsə onda niyə Rüstəm bəyi qəbul etdilər? Bilmirdilərsə onda bunlar hansı haqla özlərinə siyasətçi deyib hakimiyyətə gəlmək istəyirlər?

Cəmil Həsənli namizəd olandan sonra, tele debatlarda İlham Əliyevi ifşa edən jurnalist araşdırmalarına istinad etməsi Milli Şura namizədi üçün yeganə hücum taktikası idimi? Xalqın səsini qazanmaq üçün Cəmil Həsənli hansı addımları atdı? Keçirdiyi görüşlərdə seçicilərin kütləvi iştirakı niyə təmin olunmadı? Seçki saxtakarlıqları ilə bağlı kampaniya nə qədər davam etdi və qərbdə bu məsələ nə qədər dünya ictimaiyyətinə çatdırıldı? Seçkidən sonra icazəli mitinqlər nə üçün olmadı və davamlı olmadı? Bax bu cür suallara bizim dostlarımız cavab tapandan sonra biləcəklər ki, hər şey onlara göstərilən kimi deyil, müxalifətin yeganə işi də əliyev rejiminə qarşı birləşmək deyil, əsas işi hakimiyyəti dəyişməkdir.
Source : Islamtimes
Comment


Finland
Bir bu qaldi deyek ki Allah bizi qiyametde Ilham yox, Heyder Eliyevle meshur etsin.