0
Wednesday 21 December 2011 - 19:51

Ölkədə ən demokratik qüvvə islam qüvvələrdir

Story Code : 124153
Ölkədə ən demokratik qüvvə islam qüvvələrdir
Ölkədə ən demokratik qüvvə islam qüvvələrdir
“Media forum” saytının suallarını Azərbaycan İslam Partiyası sədrinin müavini Rövşən Əhmədli cavablandırır.

- Müxalif İctimai Palatanın liderlərindən olan AXCP sədri Əli Kərimli “Media forum” saytına müsahibəsində deyib ki, Azərbaycanda dəyişikliklər olması üçün cəmiyyətdə konsensusa ehtiyac var. O qeyd edib ki, İctimai Palatanın rəhbərliyi bütün qüvvələrlə, o cümlədən islamçı siyasi qüvvələrlə müəyyən bir konsensusun formalaşdırılmasında maraqlıdır, buna çalışır. İslam Partiyası belə bir konsensusa tərəfdardırmı? Siz də bütün qüvvələrlə, o cümlədən müxalif İctimai Palatada cəmləşən qüvvələrlə əməkdaşlığı zəruri hesab edirsinizmi?


- Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmlənməsinə böyük ehtiyac var. Vətəndaş cəmiyyətini təmsil edən qüvvələrin sağçı, solçu, mərkəzçi olması əsas deyil. Demokratik cəmiyyət qurmaq, gələcəyimizi təmin etmək istəyiriksə, ölkədə insanların şərəf və ləyaqətlə, izzətlə yaşamasını istəyiriksə, haqların qorunmasını istəyiriksə, həm siyasi qüvvələrin, partiyaların, həm də digər demokratik təsisatların əlaqəli fəaliyyət göstərməsi vacibdir. Təbii ki, cəmiyyətin bir bölümü də inanclı insanlardır.

Azərbaycan İslam Partiyasına yönəlik suallar əsasən dinlə bağlı olur. Partiyanın ideya xətti mənəvi dəyələrə, islama söykənir. Amma bu o demək deyil ki, partiya yalnız inanclı adamların toplumudur. Əgər cəmiyyətdə müəyyən problem varsa, bu həm islamçıların, həm başqa siyasi qüvvələrin, bütün vətəndaşların problemidir. Azərbaycanda təsnifatlaşdırma sosial sifariş əsasında yaranmayıb və bu vəziyyət hüquqi dövlət qurulduqda dəyişəcək.

Əli Kərimlinin fikri ilə razıyıq ki, Azərbaycanda islamçı, dindar qüvvələrlə konsensus vacibdir. İslamçı qüvvələr hesab etmir ki, ölkədə baş verən ictimai- siyasi hadisələr onlardan kənarda olur. İslamçılar özlərini bu proseslərdən kənarda saymır. Hamı eyni vətəndə yaşayır və hamının da eyni problemi var. Sadəcə, bu problemlərin həlli yolunda müxtəlif təkliflər ola bilər, yaxud yanaşma tərzi müxtəlif ola bilər. Bunları müzakirə etmək lazımdır.

- İslam Partiyasında ölkənin aparıcı demokratik qüvvələri ilə daha yaxından əməkdaşlıq etmək üçün hər hansı müzakirə aparılırmı?

- Gələcəyi düzgün proqnozlaşdırmaq üçün keçmişdə buraxılan səhvləri müzakirə etmək labüddür. Yəni bu gün Azərbaycanın siyasi düşərgəsində özünü aparıcı demokratik qüvvə hesab edənlər də, digər tərəflər də səhvlərini səmimi etiraf etməlidirlər. İnkar etməklə məsələlər, problemlər həll olunmur.

- İlk addımı kim atmalıdır?

- Biz heç vaxt heç kimə qapı bağlamamışıq. Heç kimin də müraciətini, təklifini cavabsız qoymamışıq. Açığını deyim, bizə üçüncü qüvvə kimi baxırlar. Amma Azərbaycanın gələcəyi baxımından, yaxud ölkənin ictimai-siyasi həyatı baxımından belə yanaşma lazım deyil. Hazırda bütün qüvvələri öz ətrafında cəmləmək üçün bir ideya, bir lider olmalıdır. Həm də tərəflərdə hər hansı komplekslər yaranmamalıdır. Bu gün həmin kompleksləri kənara qoymaq vaxtıdır.

Bu kimi müzakirələr bizim partiyada da gedir. Təbii ki, konservatorlar da var, buna da təbii yanaşmaq lazımdır. Amma keçmişdə olanlara görə kiminsə kimdənsə üz döndərməsi yaxşı hal deyil və gələcəyə baxmaq lazımdır. Azərbaycanın gələcəyinə baxmaq lazımdır, biz tarix yarada-yarada yaşayırıq.

Çox təəssüf ki, indiyə qədər Azərbaycan İslam Partiyasına isti münasibət nümayiş etdirilməyib. Bunun səbəblərini çox da açıqlamaq istəmirəm. Çünki indi incikliklərdən danışmaq vaxtı deyil, təmas nöqtələri axtarıb tapmaq lazımdır.

- Təmas nöqtəsi nə ola bilər?

- Bu müzakirələri dar çevrədə aparmamaq ilk məhrələdə təmas nöqtəsi ola bilər. Misal üçün, İctimai Palatanın qapısının açıq olduğunu deyib “kim gəlirsə, gəlsin” kimi bir bəyanat verməyi düzgün hesab etmirəm. Partiyaları bir-bir gəzib onlarla danışmaq, fikir mübadiləsi aparmaq olar. Əgər dərdimiz varsa və buna əlac etmək istəyiriksə, biz bir yerdə olmalıyıq. Səmimi olmalı və vasitəçi axtarmalı deyilik.

- ADP sədri Sərdar Cəlaloğlu “Media forum”a açıqlamasında deyib ki, İslam Partiyası mübarizəsində yalnız dini tərəfi ortaya qoyur, seçkilərdə iştirak etmir, əmək hüquqlarını müdafiə etmir. Onun qənaətinə görə, yalnız məhdud dairədə müxalifətçilik etdiyiniz üçün sizin siyasi fəaliyyətiniz görünmür, İslam Partiyası demokratik təəssübkeşlik istiqamətində fəal deyil.

- Bu, Sərdar bəyin öz haqqıdır, həmin haqdan istifadə edib öz fikrini söyləyib. Bizim Demokrat Partiyasına da, Sərdar Cəlaloğluna da hörmətimiz var. Bu partiya bizim çətin günlərimizdə tədbirlərimizin keçirilməsində yaxından yardımçı olub. Lakin indiyə qədər hər hansı məsələnin müzakirəsi üçün qarşı tərəfdən, eləcə də Demokrat Partiyasından təklif almamışıq. Bir cəmiyyətin mənəviyyatı pozulursa, bu, hər kəsə ziyandır. Bizim təməl prinsipimizdir ki, mənəviyyat pozulubsa, gələcək təmin oluna bilməz. İstər 2003-cü ilin seçkisindən sonra, istərsə də bu il siyasi fəaliyyətinə görə həbsə atılanlar olub. Sosial etirazlara görə də həbsdə yatan dindar az deyil.

Hakimiyyətdəkilər bizi islam fundamentalizminə, İrana bağlaya bilər. Bəs demokratik müxalif qüvvələr nə vaxt bizimlə oturub bir masa arxasında müzakirə aparıb? Biz heç vaxt deməmişik ki, yalnız dini, islami məsələlərə münasibət bildiririk. Kimin haqqı tapdanıbsa, Azərbaycan İslam Partiyası öz münasibətini bildirib. İstər adi vətəndaş olsun, istər jurnalist, istər ictimai fəal. Ola bilər ki, bizim partiya öz fəaliyyətini yaxşı reklam edə bilmir.

- 2011-ci il Azərbaycanda islamçı qüvvələrin aktivləşməsi və siyasət meydanında daha çox görünməsi ilə də əlamətdardır. Təsadüfi deyil ki, 20 nəfər islamçı azadlıqdan məhrum olunub. Belə rəylər var ki, Azərbaycanda demokratik müxalifətin yerini dini qüvvələr tuta bilər. Bu rəylə razısınızmı?

- Hesab edirəm ki, bu, doğru olmayan yanaşmadır. Bu yanaşmadan həm də o çıxır ki, dini qüvvələr qeyri-demokratik qüvvələrdir. Hesab edirəm ki, ən demokratik qüvvə elə islami qüvvələrdir. Demokratik qüvvə ilə dini qüvvələr arasında heç bir fərq görmürəm. Əvvəla, Azərbaycanda bir ali qanun - konstitusiya var və hamımız ona tabeyik. Heç bir qanun bu baş sənəddən kənarda deyil. Hamı eyni qanunlara istinad edirsə, onda necə olur ki, bəziləri demokrat olur, bəziləri isə qeyri-demokrat? Məsələlərin belə qoyuluşu düz deyil. Bu, artıq ayrı-seçkilikdir. Vahid islam əqidəsinin nə olduğunu bilmədən insanları dini və demokrat qüvvələrə bölürüksə, onda hansı əməkdaşlıqdan, hansı düzgün mövqedən söhbət gedə bilər? Əgər konsensus yaratmaq istəyiriksə, ona mane olan məsələlərdən biri də elə bu münasibətdir.

Yenə deyirəm, ölkədə ən demokratik qüvvə islami qüvvələrdir. İslam ədalət, bərabərlik, insan haqqı deməkdir. Onda zor, təcavüz yoxdur. Hərə özünə bir ad götürməklə demokrat olmur. İnsanların cəmiyyətdə tutduğu mövqe və düşüncəsi əsasdır. Əqidəyə baxıb kimin demokrat, kimin də qeyri-demokrat olduğunu demək mümkündür.

Aynur İMANOVA
Source : Media forum
Comment