0
Monday 26 December 2011 - 13:15

“Yurdu sarmış qabalıq, yaltaqlıq”

Story Code : 125238
“Yurdu sarmış qabalıq, yaltaqlıq”
“Yurdu sarmış qabalıq, yaltaqlıq”
Cəmi bir neçə saatlıq ünsiyyət kifayət edir ki, onun əsl ziyalı, əsl vətəndaş və ən başlıcası, əsl insan olduğuna əmin olasan. Saymaqla qurtarmayan elmi nailiyyətlərini, dünyanın nüfuzlu nəşrlərində yer alan saysız məqalələrini bir kənara qoysaq belə, Rafiq Əliyev ziyalı adını daşımağa layiq nadir şəxslərdəndir. Bu qiymətli ziyalıdan bəhs edən bir kitabda maraqlı bir fikrə rastladım: “Onun sadəliyi böyüklüyü qədərdir”. Mübaliğəsiz-filansız bu, həqiqətən də belədir... Rafiq müəllimə qonaq olub onun adı ətrafında gedən olaylardan tutmuş, ölkədəki ictimai-siyasi vəziyyətə qədər bir çox məsələlərlə bağlı söhbət etdik.

Əvvəli ötən sayımızda

“Nəfsi onu özünə qul edir”

- Bu kampaniyada BDU-nun müəllimlərini, Neft Akademiyasının rəhbər şəxslərini qabağa verdilər. Bütün bunlardan sonra cəmiyyət yalana imza atan o elm adamlarını necə ziyalı kimi qəbul edə bilər? Ziyalı onlardır, yoxsa heç bir elmi statusu olmayan, amma haqqın tərəfində olub əsl ziyalı mövqeyi nümayiş etdirənlər?
- Elmi dərəcə, yaxud yaxşı yazıçı və ya yaxşı rejissor olmaq hələ ziyalı olmaq demək deyil. O qədər qəribəliklər olur ki... Nəfsi onu özünə qul edir. Birinci toplantımızda elə bu məsələni qoymuşduq ki, ziyalı kimdir. Orada mənim məruzəm var idi. Dəqiq elmin nümayəndəsi olduğum üçün həmişə çalışıram ki, birinci tərifdən başlayım. Ziyalı kimdir? Təbii ki, hər bir tərifin qüsuru var. Amma mənim düşüncəmə görə, ziyalı ilk növbədə o adamdır ki, milli, ictimai mənafeyi öz mənafeyindən üstün tutsun. Əgər milli mənafeyi öz mənafeyindən bir balaca da olsa, üstün tutmursa, onu o siyahıdan çıxarmaq lazımdır. Ikincisi, ziyalı gərək nəfsinin qulu olmasın. Ziyalının mənəviyyatı yüksək olmalıdır. Mənəviyyat başqadır, əxlaq başqa. Mənəviyyatın ölçüsü insanın daxilindədir. Vicdanı ilə tək qalanda içəridəki senzorun hündürlüyü nə qədərdirsə, mənəviyyat odur. Əxlaqın isə məhdudlaşdırıcısı insanın özü deyil. Məsciddir, kilsədir, ətrafıdır və s. Mənəviyyat sipəri nə qədər güclü olsa, cəmiyyətin əxlaq sipəri də bir o qədər güclü olacaq. Ziyalı statusunu boynuna götürən insan gərək muzdlu əməklə məşğul olmasın. Ramiz Əzizbəyli və Orxan Fikrətoğlunun bir filmi var - “Yalan”. Qarabağ müharibəsindən bəhs edən çox maraqlı bir filmdir. Mən o filmə eyni gündə üç dəfə baxdım. Sonra o filmə bir rəy yazdım. Bu iki nəfər adi bir çobanı əxlaq baxımından yüz akademikdən üstə qaldıra bilmişdilər.
O qədər adam yazı yazdı. Əfsuslar olsun ki, hamının adını çəkə bilmirəm. Çəksəm, bütün qəzet səhifəsi dolar. Ola bilər ki, onların heç elmi dərəcələri də yoxdur. Amma gördüm ki, ziya saçırlar, vicdanları var, bayaq dediyim meyarlara cavab verirlər. Çox şad oldum ki, ziyalı ruhu var, ziya saçan adamlar çoxdur. Desək ki, kütləvidir, düzgün olmaz. Onu heç gözləmək də lazım deyil. Onda yer üzündə o qədər işıq olar ki, insanların gözü qamaşar. O da çox lazım deyil.

“Yüksəliş varsa, səbəb alçaqlıq...”

- Söhbətimizin əvvəlində dediniz ki, elm adamlarını sındırmaq daha asandır. Yəqin ki, bunlar ziyalı kateqoriyasına girməyən elm adamlarıdır?
- Əlbəttə. Ziyalını sındırmaq çox çətindir. Əgər o sınırsa, ona ziyalı demək düzgün deyil. Mən Hüseyn Cavidi çox sevirəm. Onun bir şeiri var, uzundur, lap axırıncı misrasını deyəcəm:
Sarımış yurdu qabalaq, yaltaqlıq.
Yüksəliş varsa, səbəb alçaqlıq.
Insanları alçalda-alçalda bu gün üçün saxlayırdılar. Kiməsə böhtan atmaq, kiməsə qara yaxmaq üçün. Çox yaxşı bilirdilər ki, bu adamlardan nə akademik olar, nə böyük bir yazar. Amma onları hazırlayırdılar ki, sabah lazım olacaq. Bu adamlara necə ziyalı deyim? Mənim onlara vallah, çox yazığım gəlir. Insanları niyə bu günlərə salırsız? 91-də bir qol çəkdirirsən, 2001-də bir qol çəkdirəsən...
Mehriban Ələkbərzadənin Mövlanədən gətirdiyi bir rəvayəti heç cür unuda bilmirəm. Iki dost olur, biri çox dövlətli, biri kasıb. Gedirlər meşəyə oynamağa, sonra yemək yemək üçün süfrələrini açırlar. Dövlətli uşağı qızardılmış ət çıxarır, o birisi də ancaq qara çörəklə şor. Kasıb qızardılmış ətə baxır. O biri deyir ki, bu ətdən yemək istəyirsən? Başı ilə göstərir ki, istəyirəm. Deyir, onda xoruz kimi banla. Uşaq banlayır, o da ətin bir hissəsini kəsib verir. Soruşur yenə də istəyirsən? Kasıb uşaq “hə” deyəndə bu dəfə də bağışlayın ifadəmə görə, deyir, it kimi hür. Bu vaxt qıraqdan bir qoca baxıb ağlaya-ağlaya bir söz deyir - nəfs. Bu rəvayət hər gün mənim başımda fırlanır. Bax, əsl ziyalı odur ki, o qızardılmış ətdən imtina etməyi bacarsın.

- Prinsipial olmaq, duruş gətirmək çoxmu çətindir, sizcə?
- Asan da deyil. Çox ucuz üsullardan istifadə edirlər. Amma inanın, mənə qəti təsir eləmədi. Çünki mən onların fövqündəyəm. Mən hələ onların birinə də cavab verməmişəm. Vermərəm də. Bilirsiniz niyə? Əvvəla o səviyyəyə düşmək istəmirəm. Ikincisi də, onları o vəziyyətə salıblar. O hadisədən sonra mənim elmi işçilərimi ofisimə buraxmırlar. Aşağıdan tapşırıblar ki, buraxmayın. Amma mən bunların çox fövqündəyəm. Deyə bilərsiniz ki, nə olsun buraxmırlar, başqa yer yoxdur oturub elmi iş aparmağa? Yaxud da internet var, bu yolla da mümkündür. Məsələ ondadır ki, onlar bu dərəcəyə qədər enirlər. Çox çətinliklər var. Onda gərək bu yola getməyəsən. Getməyəsən deyəndə, bu yola insanı vicdanı çəkir. O qoca kişi niyə ağladı? O yoluna davam edib çıxıb gedə bilərdi. Vicdanı çəkdi onu. Burda da mən deyirəm ki, belə ədalətsizlik olmaz. Biri ilan olan zirzəmidə yaşayır, birinin 17 villası var. Əgər mənim vicdanım varsa, bunlara necə dözə bilərəm?
Elə dostum var ki, hər gün gələrdi, heç olmasa, iki dəqiqə söhbət edərdi ki, necəsiz, nə var, nə yox. Bu hadisə olandan nə bir dəfə gəlib, nə də zəng eləyib. Belə şeylərə çox yuxarıdan baxıram. Yazığım gəlir. Biri deyib mənə zorla qol çəkdirdiblər. Amma o peşmançılığın mənası yoxdur. Insan şəxsiyyətli olmalıdır. Tarix belə şeyləri bağışlamır. Başqa biri də özünə haqq qazandırmağa çalışıb. Deyib ki, niyə bizi həmişə qəzetlərdə tənqid edirdi? Deyirdi ki, professor rüşvət alır. Almayaq, necə dolanaq? Belələrinə nə deyəsən? Beləsini heç auditoriyaya buraxmaq olmaz. Xədicə demişkən, heç salam vermək olmaz. Dediyim odur ki, bu yola gərək, səni vicdanın aparsın. O adamlar üçün isə qızardılmış ət vicdandan daha üstündür.

“Mən azad cəmiyyətdə yaşamaq istəyirəm”

- Cəmiyyətdə elə insanlar da var ki, belələrinə müəyyən qədər haqq qazandırırlar. Deyirlər ki, zəmanə çətindir, neyləsin, ailəsini, uşaqlarını necə dolandırsın?
- Deyəcəklərim ola bilsin, ideal bir şeydir. Mən azad, müstəqil cəmiyyətdə yaşamaq istəyirəm. Millətin müstəqil olması üçün onun sonuncu fərdi də müstəqil olmalıdır. Başqa demokratik ölkələrdə necədirsə, elə olsun. Onlar çox azaddılar. Onlar demirlər ki, ailə var, uşaq var, birtəhər dolanım. Keçən il beynəlxalq konfrans keçirirdim. Konfrans gedə-gedə gördüm ki, Almaniyada bir vağzalı söküb təxminən 5 milyona yenisini tikmək istəyirlər. Bütün Almaniya ayağa qalxdı və qoymadı. Ictimai fikrin təsirindən danışıram. Istəyirəm ki, bizim adamlar da elə olsun. Öz hüquqlarını tələb etsinlər. Behrudi böyük şairdir, gözəl şairdir. Yaxşı bir şeiri var - bu necə məmləkətdir, millət haqqını istəmir. Mən istəyirəm haqqımızı başa düşək. Həmişə demişəm ki, mən də, Ziyalılar Forumundakı dostlarım da dövlətçiliyin yanındayıq. Biz qətiyyən istəmirik ki, cəmiyyətdə bir kataklizm olsun. Amma haqq məsələsi də var. Biz deyirik ki, insanlara sayğı lazımdır, insanların haqqına hörmət lazımdır.

- Sizə qarşı kampaniya başlayanda xeyli adam əleyhinizə danışdı. Onların arasında heç elələri oldumu ki, sonradan gəlib və ya zəng edib üzrxahlıq etsin?
- Yox, olmayıb. O adamlarla hələ ki, qarşılaşmamışam. Mən sərbəst çıxıram, dəniz qırağında gəzirəm. Hələlik onlardan biri də qabağıma çıxmayıb.

“Bir tələbə mənim qapımı çırpıb gedib”

- Tələbələrinizlə münasibətləriniz necə idi?
- Buna inanmaq çətindir, amma inanın mən hələ heç bir tələbəyə “sən” deyə müraciət etməmişəm. Birinci dəfə auditoriyaya müəllim kimi 1964-cü ildə girmişəm. Bu günə kimi tələbə ilə mənim aramda heç bir fərq olmayıb. Tam hüquqlu, tam bərabər olmuşuq. Özlərinə də demişəm ki, mənim azadlığımın çevrəsi o yerdə qurtarır ki, sizin azadlığınızın çevrəsi başlayır. Demişəm ki, siz çox sərbəstsiniz. Mən istər Amerikada, istər Almaniyada, istər Dövlət Neft Akademiyasında, istər Bakı Dövlət Universitetində dərs deyəndə heç vaxt qoymamışam ki, içəri girəndə tələbə ayağa qalxsın. Bəziləri deyirdi ki, bu, hörmət əlamətidir. Deyirdim, yox. Hörmət cəmiyyətə olan hörmətdir. Cəmiyyətə hörmət etmək üçün də yaxşı bilik qazanmaq, yaxşı vətəndaş olmaq lazımdır. Onda elə bilin ki, on dəfə ayağa durmusunuz. Tələbələrə münasibətim tam tolerant olub. Sizə bir sirr açacam. Bunu heç yerdə deməmişəm. 64-dən indiyə qədər tək bir tələbə mənim qapımı çırpıb gedib. Özü də elə möhkəm çırpıb gedib ki. O, kim olsa yaxşıdır? Sizin həmkarınız...

azadliqinfo

Gültəkin Knyazqızı
Source : azadlıq
Comment