0
Wednesday 17 April 2013 - 23:14

"İlham Əliyev hansı ədalətdən danışır?"

«Artıq bu ölkəni yalan mühitində saxlamaq imkanları tükənib»
Story Code : 255276
"İlham Əliyev hansı ədalətdən danışır?"
"İlham Əliyev hansı ədalətdən danışır?"
Nurəddin Məmmədli: "Ölkədə bütün problemlər qanunsuz məcrada, cəngəllik qanunları ilə həll olunursa, hansı ədalətdən danışmaq olar"

Ölkə başçısı Ilham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində bir sıra maraqlı fikirlər səsləndirilib. Bu fikirlər dövlət başçısına məxsus olduğundan xüsusi maraq doğurur. AXCP sədrinin müavini Nurəddin Məmmədli ilə müsahibəmizin də elə əsas mövzusu toplantıda səslənən fikirlərlə bağlıdır.

- Nurəddin bəy, dövlət başçısı bildirib ki, Azərbaycanda bütün sahələrdə inkişaf yaşanır və Azərbaycan bu sahədə nadir ölkələrdən biridir. Həqiqətənmi Azərbaycanda bütün sahələrdə inkişaf müşahidə olunur?
- Biz artıq bu cür fikirlərə reaksiya verməkdən təngə gəlmişik. Çünki bütün dünyanı kor sayıb olmayanları reallıq kimi qələmə vermək praktikasının bu hakimiyyətə hansısa bəhrə gətirmək dövrü keçib. Azərbaycan bu gün dünyada siyasətə təsir edən, hər hansı bir nüfuzu olan nə mətbuat orqanında, nə beynəlxalq təşkilatlarda, diplomatik dairələrdə inkişaf edən ölkə kimi təsəvvür olunur. Əksinə, Azərbaycan hakimiyyəti dünyanın ən korrupsiyalaşmış iqtidarı kimi qəbul olunur. Ilham Əliyev yeganə dövlət xadimidir ki, offşor zonalarla bağlı bu gün cəmiyyətə tədricən açıqlanan məlumatlarda adı hallanır. Azərbaycanda bu gün minimum yaşayış həddi yüz manatdan aşağıdırsa, bunu inkişaf kimi necə qələmə vermək olar? Bu gün təqaüdçü, həkim, müəllim cəmi 130-150 manat əmək haqqı alırsa, həmin məvacib də vətəndaşların kommunal xərclərini ödəmirsə, hansı inkişafdan danışa bilərik. Ona görə də hesab edirəm ki, həqiqəti etiraf edib, xalqdan üzr istəməklə konkret islahatlar aparılmalıdır. Əks halda bu ölkəni yalan mühitində saxlamaq imkanları artıq tükənib. Bu siyasətin heç bir yaxşı nəticəsi ola bilməz.

- Dövlət başçısının daha bir açıqlaması xarici siyasət kursuna dair olub. Hazırda Azərbaycanın həm region ölkələri, həm də Qərblə münasibətləri gərgindir. Amma bununla belə Ilham Əliyev bəyan edib ki, Azərbaycanın xarici siyasətindəki prinsipial mövqeyi müsbət nəticələrini verir?
- Uzun müddət Azərbaycan hakimiyyəti xarici siyasətdə balanslaşdırılmış siyasət adı altında müəyyən manevrlər etməyə çalışdı. Bu siyasətin əsas konturları ona söykənirdi ki, Azərbaycan hakimiyyəti xalqa məxsus olan nə vardısa, hamısını başqa ölkələrə verirdi və çox itaətkarcasına xalqın maraqlarını nəzərə almadan bu cür siyasətdən bəhrələnirdi. Amma “WikiLeaks” saytının materiallarından və dünyada baş verənlərdən gəlinən nəticə odur ki, Azərbaycan hakimiyyətinin dostu yoxdur. Azərbaycan iqtidarı hazırda dünyanın bütün ölkələri ilə müharibə vəziyyətindədir. Beynəlxalq təşkilatlarla bu cür konfrantasiya Azərbaycan kimi kiçik avtoritar ölkə üçün yaxşı heç nə vəd etmir. Ona görə də Azərbaycanın xarici siyasəti, onun dünyadakı nüfuzu haqda danışmaq cəmiyyəti yalan atmosferində boğmaq cəhdidir. Bunun da heç bir müsbət perspektivi ola bilməz.

İlham Əliyevin sözünü saymırlar...

- Növbəti dəfə məmurları məsuliyyətli olmağa çağıran prezident bildirib ki, məmur təvazökarlıq, saflıq, vətənə sədaqət nümunəsi olmalıdır. Bu sadalanan cəhətlər nə dərəcədə Azərbaycan məmurlarına aiddir?
- Uzun müddətdir ki, Ilham Əliyev öz mövqeyini açıqlayır. Amma ölkədə heç bir şey dəyişmir. Məmur özbaşınalığı daha ifrat formada təzahür etməkdədir. Bu hakimiyyətin irəli sürdüyü müsbət kimi təsir bağışlayan heç bir başlanğıcda uğurlu sonluq müşahidə olunmur. Ilham Əliyevin dediyi fikirlərə sanki əks olaraq ölkədə yenə də qanunsuzluqlar baş alıb getməkdədir, rüşvət tüğyan edir. Azərbaycan vətəndaşı bu gün rüşvət ödəmədən heç bir problemin həll edə bilmir. Bu gün ölkədə vətəndaşların mülkiyyəti qarət olunur. Son zamanlarda baş verən konkret misallar əsasında Ilham Əliyevin dediklərinin nəticəsiz olduğunu sübut etmək çətin deyil. Binə Ticarət Mərkəzində üsyan qalxdı, onlarla insan həbs olundu, amma məmurların heç biri cəzalandırılmadı. Binədəki həmin gərginlik hələ də davam edir və ticarət mərkəzində etiraza səbəb olan problemlər daha da kəskinləşib. Bu gün iş adamlarına yönəlik maliyyə sanksiyaları daha da ağırlaşdırılıb. Insanlardan daha çox vəsait əldə etməyə çalışırlar. Bütün bunlar prinsip etibarı ilə bir fikri sübut edir. Sanki Ilham Əliyev məmurları danlamamışdan əvvəl onlara çatdırır ki, mən tənqidi fikir söyləyəcəm. Amma siz işinizdə olun, mənə əhəmiyyət vermədən davam edin.

Azərbaycanda ədalət axtarmaq absurddur

- Eyni zamanda Ilham Əliyev məmurları ədalətli olmağa çağırıb və əlavə edib ki, insanlar hətta razılaşmadıqları, amma ədalətli olan qərarla barışırlar. Ədalətsiz qərar isə həmişə etiraz mənbəyi olur. Bu baxımdan hakimiyyətin son zamanlar həbs etdiyi gənclərlə bağlı qərarları, göstərdiyi təzyiqləri nə dərəcədə ədalətli saymaq olar?
- Azərbaycanda bu gün ədalət axtarışı ən absurd, ən paradoksal bir şeydir. Çünki ölkədə bu gün bütün problemlər qanunsuz məcrada, cəngəllik qanunları ilə həll olunursa, hansı ədalətdən danışmaq olar. Bu gün hicab hüququnu qaytarmaq üçün dindarlarımız həbsxanalarda çürüməkdədirlər. Gənclər “əsgər ölümlərinə yox” dediklərinə görə cəzalandırılırlar. Siyasi fəal gənclər narkotiklə heç bir əlaqələri olmadığı halda cinayət məsuliyyətinə cəlb edilirlər. Bu gün saxlama yerlərində vətəndaşlara zülm verilməsiylə bağlı kifayət qədər faktlar var. Bütün bunların fonunda hansı ədalətdən danışmaq olar? Digər tərəfdən, cəmiyyətdə ədalətin ən mühüm göstəricilərindən biri, xüsusi mülkiyyətin, milli gəlirin ədalət prinsipi əsasında bölünməsidir. Bu gün bir dəstə məmurun təkcə offşor zonlarda 48 milyard dollar vəsaiti olduğu sənədlərlə, faktlarla sübut olunubsa, burada hansı ədalətdən danışmaq olar? Ədalətli cəmiyyətdə təhsil, səhiyyə pullu ola bilərmi? Ədalətli cəmiyyətdə vətəndaş öz mülkiyyətinin sahibi olmaya bilərmi? Ona görə Azərbaycanı hazırda bütünlüklə ədalətsizlik prinsipi üzərində qurulan bir rejim idarə edir. Bu rejimin bütün resursları kiçik bir qrupun mülkiyyətidir. Vətəndaşlar isə bütün hüquq və azadlıqlardan məhrum olunmuş kölələrə çevriliblər.

- Bazar günü hökumətin müşavirə keçirməsi ilk dəfəydi. YAP rəhbərliyinin son zamanlar istər davranışlarında, istərsə də müşavirədə səslənən fikirlərdə hakimiyyətin təlaş keçirdiyi hiss olunur. Amma yaranmış vəziyyətdən bu cür çıxmağa cəhd etmək nə dərəcədə uğuruludur? Həyatda nəticəsi olmayan çağrışlar səsləndirmək, bəyanatlar verməklə hazırkı ağır vəziyyətdən çıxmaq olarmı?
- Cəmiyyətdə o zaman ədalətsizlik baş alıb gedir ki, cinayətkar cəzalandırılmır. Azərbaycanda bu gün konkret faktlar əsasında cinayətkar əməlləri ilə şöhrət qazanmış məmurlar var. Bu məmurlar cəzalandırılmalıdır. Qanunun aililiyi, qanunun şah olması konkret olaraq bu cür nümunələr vasitəsilə öz təsdiqini tapmalıdır. Bu baş vermirsə, ölkə özlərini cinayətkar şəbəkənin üzvləri kimi aparan adamlara “Istiqlal” və “Şöhrət” ordeni verilirsə, bu dövlətdə hansı ədalətdən, cəzalandırmadan, hüquqi normalara riayət olunmasından söhbət gedə bilər? Ona görə də Azərbaycanda həqiqət axtarışı absurda çevrilib. Çünki olmayan bir şeyi axtarmaq insan psixikasının anormallığı kimi qəbul edilə bilər.

Xalq ərazi bütövlüyünü təmin etmək istəyirsə, rejimdən xilas olmalıdır

- Dövlət başçısı bildirib ki, hər ötən gün, ay, il bizi Qarabağa daha da yaxınlaşdırır. Bu hakimiyyətin Qarabağla bağlı siyasəti 20 ildir davam edir. Bu siyasətdə hansı əhəmiyyətli irəliləyişlər əldə olunub? Həqiqətənmi ötən müddət ərzində biz problemin həllinə yaxınlaşmışıq?
- Təəssüf və ürəkağırısı ilə demək istəyirəm ki, 1998-ci ildə ANS telekanalının “Əhatə dairəsi”ndə dediyim fikirlər bu gün reallıq olaraq qalmaqdadır. O zaman demişdim ki, Əliyevlər rejiminin hakimiyyətdə olduğu müddətdə Qarabağ probleminin, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması perspektivi yoxdur. Azərbaycan xalqı ərazi bütövlüyünü təmin etmək istəyirsə, birinci bu rejimdən xilas olmalıdır. Artıq o dövrdən uzun illər keçib. O zaman dediyim sözün reallığı bu gün də sübut olunur. Bunu bütün dünya artıq bilir və Azərbaycan xalqı da bunun fərqində olmalıdır.

- Sizcə, hakimiyyət bu cür müşavirələrlə nəyə nail olmaq istəyir? Çünki reallıqdan uzaq bəyanatlar verilir. Heydər Əliyevin dövründə keçirilən bu müşavirələrin nəticəsi ondan ibarət olurdu ki, o, heç olmasa konkret məmurları tənqid atəşinə tuturdu. Amma Ilham Əliyevin müşavirələrində bu müşahidə olunmur...
- Azərbaycan hakimiyyətinin bütün fəaliyyəti real iş görməkdən daha çox imitasiyaya söykənib. Amma bu siyasət çoxdan öz aktuallığını itirib. Bu gün insanları aldatmaqla, yalan vədlər verməklə nəyəsə təhrik etmək mümkün deyil. Ilham Əliyev uzun illərdir eyni şeyləri təkrar etsə də cəmiyyətdə heç bir müsbət dəyişiklik baş vermir. Artıq bu deyimlər nəinki hüquqi və siyasi, psixoloci cəhətdən də aktuallığını itirib. Hamı bilir ki, bu sadəcə olaraq sözdür və deyildikdən sonra unudulacaq. Bu sözlərin arxasında real iş dayanmayacaq. Hakimiyyətdəkilər bu yalanları deməkdən təngə gəlməyiblər, amma biz artıq bunlara cavab verməkdən yorulmuşuq.

Xəyal
Source : Azadliq.info
Comment