0
Friday 5 July 2013 - 17:42

“Boynumuzda ağır yük var”

Story Code : 279951
“Boynumuzda ağır yük var”
“Boynumuzda ağır yük var”
Siz, partiyanın həbsdə olan sədri Mövsüm Səmədov və partiyadan daha bir neçə nəfər müxalif Milli Şurada təmsil olunursunuz. Milli Şura prezident seçkisində öz namizədi ilə iştirak edəcək. Vahid namizəd kimi Rüstəm İbrahimbəyov seçilib. İslam Partiyası isə Mövsüm Səmədovun namizədliyini irəli sürüb. Bu anlaşılmazlığı necə izah edə bilərsiniz?

- Biz Milli Şuranın tədbirlərində iştirak etmək üçün orada təmsil olunmağa razılıq vermişik. Milli Şuranın vahid namizədini dəstəkləmirik. Hələ ki, Hacı Mövsümün azadlığa çıxacağına ümidimiz var. Seçkiyə 3 ay qalır. Ola bilər ki, Hacı Mövsümü buraxalar. Əgər lazım gələrsə, daha Milli Şurada təmsil olunmarıq. Bizim partiyanın ali orqanı Baş Məclisdir. Bundan başqa Məşvərət Şurası yaradılıb. Biz islamçılar istəyirik ki, seçkidə müstəqil blok şəklində iştirak edək. Məşvərət Şurasında təkcə partiya üzvləri deyil, həm də ağsaqqal dindarlar təmsil olunur. Bu qurum seçkidə bizim kursumuzu müəyyənləşdirir. Şuradakıların orda birləşməyinin səbəbi də Mövsüm Səmədovun namizədliyinin dəstəklənməsidir.

- Mövsüm Səmədov cərimə təcridxanasına salınıb. Vəkili də onunla görüşə bilmir. Sizin Milli Şuraya ehtiyatlı yanaşmağınızda bu məsələlər rol oynayırmı?


- Biz əvvəlcədən Mövsüm Səmədovun həbsini ədalətsiz hesab etmişik. Əvvəlcədən də onun azad olunması istiqamətində çalışmışıq. İndi də bu işi davam etdiririk. Hacı Mövsümün namizədliyini dəstəkləməyimiz, onun namizədliyi üçün imza toplamağımız həm də ona hesablanıb ki, onun cinayətkar deyil, xalqın dəstəklədiyi nüfuzlu, hörmətli bir şəxs olduğunu sübut edək.

- Bir neçə ay öncə müxalifətin birliyinin vacibliyindən danışmışdınız. Müxalifətin bir araya gəldiyi vaxtda seçkiyə öz namizədinizlə getmək qərarı verdiniz. Müxalifətin birliyini pozmaq ittihamı ilə üzləşməkdən narahat deyilsiniz ki?


- Lap əvvəldən niyyətimiz Mövsüm Səmədovun namizədliyini dəstəkləmək olub. Bu reallaşmazsa, onda bir şey fikirləşmək olar. Məşvərət Şurasının da qarşısına qoyduğu məsələ ondan ibarətdir ki, arxamızca gələn insanlar, islamçılar sabah deməsinlər ki, bizi aparıb kimlərə qoşdunuz? Bizim boynumuzda ağır yük var. İslamçıların diqqəti bizdədir.

- Mövsüm Səmədovun namizədliyi reallaşmasa nə edəcəksiniz? O zaman Milli Şuranın namizədini dəstəkləyəcəksiniz?

- Gərək baxaq görək onların verdiyi vədlər nədir. Doğurdan da lazımi meyarlara cavab verəcəkmi, islam millətinə xidmət edəcəkmi? Yoxsa indiki hakimiyyət kimi olmasınlar. Ona görə də əgər Hacı Mövsümün namizədliyi reallaşmasa, başqa namizədi dəstəkləmək qərarına gəlsək, həmin namizəddən tələbimiz olacaq ki, millətinə, dininə xor baxmasın.
Source : Mediaforum
Comment