0
Saturday 8 November 2014 - 13:33

“9 noyabr ümumxalq mitinqidir”

Story Code : 418512
“9 noyabr ümumxalq mitinqidir”
“9 noyabr ümumxalq mitinqidir”
Cəmil Həsənli: “Mitinqin vaxtını dəyişmək hakimiyyətin təxribatı və qanunvericiliyin pozulmasıdır”

Milli Şuranın sədri Cəmil Həsənlinin Islam Partiyasına 9 noyabr mitinqində iştirak üçün müraciət etməsi barədə məlumat həftənin müzakirə predmetinə çevrildi. Ancaq maraqlı hadisələr bu müraciətin olub-olmaması yox, bunu yaymaqda hansı məqsədin güdüldüyüdür. Cəmil Həsənliylə söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışdıq.

- Cəmil müəllim, Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) Demokratik Qüvvələrin Milli Şurasının mitinqinin vaxtını dəyişdirməsi haqqında qərarı aksiyanın keçirilməsinə təsir edəcəkmi?


- Biz Milli Şura olaraq noyabrın 10-u üçün xeyli təbliğat aparmışdıq. Bugün eyni işi ikinci dəfə görməyə ehtiyac var. Yəni bütün informasiya vastələrində, elektron və çap mediasında günortaya qədər təbliğat ondan ibarət idi ki, Milli Şura siyasi məhbuslara dəstək aksiyası noyabrın 10-u üçün nəzərdə tutulub. Amma noyabrın 7-də aksiyanın vaxtı dəyişilirək bir gün irəli çəkildi. Əvvəla, BŞIH razılığı noyabrın 9-a vermişdisə, bunu noyabrın 6-da da demək olardı.

- O zaman qeyri-müəyyənliyi yaratmaqda məqsəd nə idi?

- Noyabrın 6-da çox rahat şəkildə demək olardı ki, aksiyaya noyabrın 9-a icazə verilib. Amma bir gün sonra vaxtın dəyişdirilməsi Milli Şuranın mitinqinə mane olmaq, kütləviliyi azaltmaq, insanları çaşqın duruma salıb qeyri-müəyyən vəziyyət yaratmaqdan ötrü idi. Ikincisi, hakimiyyətin qəbul etdiyi qaydalara görə, bayram günlərində kütləvi aksiyaların keçirilməsi məqsədəuyğun hesab edilmir. Səhv etmirəmsə, bu qadağanı əsasnamə, ya da qanun çərçivəsinə salıblar. Biz ona görə noyabrın 10-a müraciət etdik ki, 9 noyabr rəsmi olaraq Bayraq Günüdür. Mövcud qanunvericiliyə görə, bayram istirahət gününə düşürsə, onun üçün əlavə istirahət günü verilir, biz də istirahət gününə, bazar ertəsinə mitinq keçirəcəyimizi elan etmişik və BŞIH buna razılıq vermişdi. Bir gün sonra dəyişikliyin edilməsi Milli Şuranın mitinqinə qarşı təxribat hesab edir, hakimiyyət tərəfindən müdaxilə və qanunvericiliyin pozulması sayıram.

- Bəs mitinqin vaxtı dəyişdimi?

- Qərarlaşdıq ki, noyabrın 9-da, yəni icazə verilən vaxt aksiyanı keçirək. Sadəcə, bu dəyişiklik əlavə problemlər yaradır. Təsəvvür edin, aksiyanı noyabrın 10-a elan etmişik, adam var ki, mitinqin vaxtına bir dəfə baxır, ikinci dəfə buna ehtiyac duymur. Televiziyalara da çıxış imkanlarımız yoxdur ki, efir vasitəsilə mitinqin vaxtının dəyişməsini elan edək. Həm də yazılı mediada Milli Şuranın qərarı haqda informasiya gedib, mən özüm də Azadlıq Radiosuna danışmışam. Amma aksiyaya bir gün qalmış BŞIH-in vaxtı dəyişməsi müəyyən təsirlərlə yadda qalacaq. Bununla ümid edirəm ki, biz siyasi məhbusların müdafiə aksiyasında iştirak edən dairələri məlumatlandıra biləcəyik və noyabrın 9-da “Məhsul” stadionunda çoxminlik aksiya keçiriləcək. Bu, bizim üçün əlavə problem yaratsa da, insan haqlarının durumu, siyasi məhbus hadisəsi önəmli olduğundan mitinqi təxirə salmadıq.

- Oktyabrın 12-də keçirilən aksiyada Rəyasət Heyətində kimlərin dayanması, yaxud kimlərin çıxış etməsi sualları yarandı, müəyyən mübahisələr də oldu. Bu dəfə oxşar durumun yaranmaması üçün hansı addımlar atılacaq?

- Oktyabrın 12-də də bu məsələ Milli Şuranın Koordinasiya Mərkəzinin qərarıyla müəyyənləşmişdi. Bu dəfə də belə oldu. Nə ötən, nə də 9 noyabr mitinqində biz hər hansı partiyaya, təşkilata rəsmi şəkildə müraciət göndərməmişik. Amma siyasi məhbus məsələsi ümumxalq məsələsi olduğundan siyasi, dini, milli, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsi aksiyaya dəvət edirik. Buyurub, gəlib dəstəklərini versinlər. Ikincisi, aksiyada partiya bayraqları qaldırılmayacaq, yalnız Azərbaycan bayrağı və inteqrasiya olmaq istədiyimiz müəyyən beynəlxalq təşkilatların bayraqları istisna hal kimi qaldırıla bilər. Siyasi məhbusların portretlərinin qaldırılmasına isə heç bir məhdudiyyət yoxdur. 12 oktyabr mitinqində də yalnız Milli Şuranın həbs olunmuş üzvlərinin deyil, 98 nəfər siyasi məhbus siyahısında adı keçənlərin hamısının şəklini qaldırmağa çalışmışdıq. Bu dəfə də həmin prinsiplə olacaq. Artıq mitinqin aparıcısı və çıxışçıları müəyyənləşib. Bütün bunlar Milli Şura çərçivəsində həll olunub. Mitinqin təhlükəsiliyi məsələsi Milli Şuranın üzərindədir. 12 oktyabr mitinqində gördünüzmü, IŞID-in bayrağını qaldırdılar, sadəcə, kənarlardakı kameralar həmin məqamı gözləyirdi ki, çəksinlər. Bunu da etdilər, şübhəsiz ki, bu, hakimiyyət orqanlarının təxribatıydı, elə aksiyada məsələnin üstü açıldı. Təəssüf ki, müvafiq dövlət orqanları bu cür mənasız şeylərlə məşğul olurlar.

- Cəmil müəllim, saytların birində sizin Islam Partiyasına aksiyada iştirak üçün müraciət etdiyiniz xəbəri yayılmışdı. Bu müraciət sosial şəbəkələrdə də müzakirə obyektinə çevrildi. Bilmək istəyirəm, belə bir müraciət olubmu, olubsa, məqsəd nə idi?


- Biz inanclı insanlara hörmətlə yanaşırıq. Müşahidə edirəm, bəzən onlara bir şübhəli münasibət sezirəm, eyni zamanda, inanclı insanların həbs olunmuş nümayəndələrinin siyasi məhbus kimi tanınmasında problem olur. Çox vaxt onları hansısa xarici ölkələrin agentləri kimi təqdim etməyə çalışırlar. 12 oktyabr mitinqimizdə də cəmiyyətdə tanınan dindar insanların, Hacı Mövsümün, Hacı Talehin, Hacı Abgülün portretlərini siyasi məhbus olaraq qaldırmışdıq. Bu addımımızda heç bir siyasi məqsədimiz olmayıb. Mən dəfələrlə demişəm ki, Azərbaycandan hər il minlərlə adam Həcc ziyarətinə gedir, amma dini kəsim ziyarət yoldaşlarını yetərincə müdafiə etmir. Kim deyə bilər ki, Hacı Teleh narkotika istifadəçisidir?! Şübhəsiz ki, onun ittiham olunduğu maddə siyasi mülahizələrdən irəli gəlir və biz bunun əleyhinəyik. Həm də biz onların siyasi məhbus siyahısına daxil olmasına tərəfdar olmuşuq. Onlar da Işçi Qrupun təsdiqlədiyi 98 nəfərlik siyahıda yer alıblar. Müraciətə gəldikdə, mən əvvəllər də çıxışlarımda öz hörmətimi ifadə etmişəm. Onlar Azərbaycan Respublikasının imanlı, inanclı vətəndaşlarıdır. Ona görə əlimizdə sübut olmadığından bu insanlara başqa dövlətin agentləri damğasını vurmaq olmaz. Bu, yanlış yanaşmadan uzaq olmaq lazımdır. Biz mitinq qərarımızı verdikdən sonra Islam Partiyasının sədr müavini Hacı Akif Heydərli zənə zəng edib görüşmək arzusunu bildirmişdi. Mən onun şəhərin bir yerində görüş istəyini normal hesab edib görüşdüm. Təəssüf hissiylə demək istəyirəm ki, bir az uğursuz görüş oldu...

- Hansı mənada uğursuz oldu, Cəmil müəllim, bəlkə açıqlayacasınız...

- O mənada uğursuz görüş oldu ki, xüsusi xidmət orqanları onunla görüşümüzün videosunu çəkdi və mən audioyazının olduğunu da təxmin edirəm.

- Görüş hardaydı?


- Mən görüş yerini indi demək istəmirəm.

- Nə üçün?

- Çünki bu, həmin yerin biznes fəaliyyətinə kölgə salmış ola bilər. Amma məsələ MTN-in maraq dairəsində olan bir məsələ olduğu üçün görüşümüzün videosunun çəkilişi təmin edilmişdi. Düzdür, mən bunu Hacı Akifə demək istəmədim. Amma söhbət zamanı bilirdim ki, bizi çəkirlər.

- Bəs görüşdə onun məqsədi nə idi?

- Hacı Akif Islam Partiyasının mitinqdə iştirak arzusunu ifadə etdi və onların da üzvlərinin bizim siyasi məhbuslar siyahısına daxil olmasından məmnunluğunu etiraf etdilər. Eyni zamanda o qeyd etdi ki, partiyaları noyabrın 16-da mitinq üçün müraciət edib, amma icazə veriləcəyinə əmin deyillər. Ona görə də onlar Milli Şuranın mitinqində iştirak arzusunu ifadə etdilər. Həm də Hacı Akif onlara bir çıxış da nəzərdə tutulmasını istədi. Şübhəsiz ki, biz bu məsələləri Koordinasiya Mərkəzində müzakirə edib qərar verməliydik. Bundan əvvəl mənim “Azadlıq” radiosunda çıxışım oldu, o zaman mən siyasi məhbus məsələsinin böhranlı həddə çatdığını deyərək, gənclər təşkilatlatlarına, partiyalara, o cümlədən, inanclı insanlara, Islam Partiyasına bu məsələyə dəstək vermələri üçün müraciət etdim. Lakin noyabrın 5-də Koordinasiya Mərkəzində yenidən müzakirə keçirildi, qərara gəlindi ki, rəsmi qaydada heç bir quruma dəvət göndərilmir. Amma eyni zamanda 9 noyabr ümumxalq mitinqi olduğu üçün hamıya müraciət edilir ki, kim özün siyasi məhbusların müdafiəsində ifadə etmək istəyirsə, buyursun aksiyaya. Islam Partiyasının müraciətinə gəldikdə, Koordinasiya Mərkəzinin yanaşması belə oldu: aparıcılar və çıxışçılar Milli Şuranın üzvləri olacaq. Mən bu barədə Islam Partiyasının sədr müavini Hacı Akifə məlumat verdim, o da bunu çox normal qarşıladı.

- Deməli, sizin Islam Partiyasına konkret müraciətiniz olmayıb?


- Xeyr.

- Cəmil müəllim, xüsusi xidmət orqanlarının çəkiliş aparmaqda məqsədi nə idi?

- Mənə elə gəlir ki, telefonlarımız izləndiyindən bu məsələni koordinasiya etdilər. Bilirsən, müəyyən zəif yer axtarırlar. Necə ki, 12 oktyabr mitinqində IŞID-in bayrağını qaldırıb Milli Şuranı dini terrorizmə bağlamaq istəyirdilər, indi də ola bilsin, MTN, yaxud digər xüsusi xidmət orqanın görüşümüzün çəkilişini aparmaq məqsədi vardı. Görünür, hansısa formada planlaşdırılırdı ki, bundan istifadə edilsin. Demokratik dünyada Milli Şuraya böyük etimad və hörmət var, şura Azərbaycanın Avrointeqrasiya prosesində aktiv iştirakının tərəfdarıdır. Ola bilsin, niyyətlərindən biri ondan ibarət idi, 9 noyabr mitinqimizə islami forma verib onu beynəlxalq aləmdə nümayiş etdirsinlər. Mən sonuncu məqamı da istisna etmirəm. Amma məsələ haqda kifayət qədər informasiyalar yayılıb. Yəni mən görüşümün çəkilişini bilirəm və orda elə bir söhbət də olmayıb. Açıq şəkildə demişəm ki, 9 noyabr mitinqində siyasi məhbusların şəkillərini, Azərbaycan bayrağını və inteqrasiya olunduğumuz beynəlxalq təşkilatların bayraqları qaldırılacaq. Həm də aksiyada ayrı-ayrı qrupların tələbləri və dini şüarların irəli sürülməsini məqsədəuyğun hesab etməyəcəyik. Bütün bunları Islam Partiyasının sədr müaviniylə söhbətimizdə demişəm.

Natiq Cavadlı, meydan.tv
Source : Azadliq
Comment