0
Monday 15 June 2015 - 16:54

İranın təmsilçi müharibədə üstünlüyü

Story Code : 466777
İranın təmsilçi müharibədə üstünlüyü
İranın təmsilçi müharibədə üstünlüyü
Cənab Rəhbər Ayətullah Xamenei İmam Hüseyn (ə) adına Zabitlər və Keşikçilər Universitetində görüş zamanı “Cəngi-niyabəti” ifadəsini işlətdi. Belə bir müharibə böyük güclərin regiondakı müttəfiqləri vasitəsi ilə apardığı müharibədir. Cənab Rəhbər buyurdu: “Mənə məlumat veririlib ki, düşmənlərimiz Fars körfəzi məntəqəsinin bəzi ağılsız məsullarının həmkarlığı ilə təmsilçi müharibələri İran sərhədlərinə doğru çəkmək istəyirlər. İran İnqilab Keşikçiləri, bütün mühafizə qüvvələri oyaqdırlar. Bilsinlər ki, əgər belə bir şeytənət baş versə, İran İslam Cümhuriyyətinin reaksiyası çox sərt olacaq.” İmperialist qüvvələrin belə bir müharibə üslubuna əl atması, eləcə də İranın reaksiyaları barədə Xarici İşlər Nazirliyinin müşaviri Həsən Kazimi Qummi ilə söhbətləşirik.

Sual: Başlanğıc nöqtəsi, Qərbi Asiyaya hərbi müdaxilə barədə nə deyə bilərsiniz?


Cavab: Qərbi Asiya məntəqəsində siyasi proseslər, geosiyasi təbəddülatlar barədə dəqiq təhlil aparmaq istəsək ötən bir neçə ildə baş vermiş hadisələrə nəzər salmalıyıq. 2001-ci ildən, yəni 11 sentyabr hadisələrindən sonra Amerika terrorizmlə mübarizə bəhanəsi ilə Qərbi Asiyaya qoşun yeritdi. Amerika dünyada sülhün bərpası, eləcə də terrorizmlə mübarizəyə başçılıq adı altında Qərbi Asiyaya qədəm qoydu. Bu proses Əfqanistandan başladı. Talibanın Əl-Qaidə ilə həmkarlığını bəhanə edərək Əfqanistana qoşun yeritdilər. Taliban 11 sentyabr hadisələrində Əl-Qaidə ilə həmkarlıqda ittiham olunurdu. Hansı ki 11 sentyabr hadisələrinin həqiqəti hələ də üzə çıxmayıb. Amerikalılar ilk addımda Taliban rejimini devirmək istiqamətində addım atdılar. Hansı ki bu rejimi elə Amerika, İngiltərə hakimiyyətə gətirmişdi. Talibanın hakimiyyətə gəlişində Səudiyyə Ərəbistanının və bəzi məntəqə ölkələrinin maliyyə dəstəyi az rol oynamamışdı. Əfqanistanda müharibə vəziyyəti yaranandan sonra Amerika İraqı hədəfə aldı. İraqa təcavüz üçün diktator Səddam rejiminin kütləvi qırğın silahlarına sahib olması bəhanə göstərildi. Onlar İraq rejimini terrorizmlə əlaqədə ittiham edirdilər. Ehtimal olunurdu ki, Səddam rejiminin ixtiyarında olan kütləvi qırğın silahlarının terrorçuların əlinə düşməsi mümkündür. Bu ssenari ilə İraqa hərbi təcavüz baş verdi. Hansı ki Amerika bu ölkəyə müdaxilə üçün BMT Təhlükəsizlik Şurasından göstəriş almamışdı. Sanki demək istəyirdilər ki, beynəlxalq durum dəyişib. Səddam rejiminin süqutundan sonra Amerika bu ölkədə zahirən demokratik bir hökumət qurulması istəyi ilə çıxış etdi. Amma belə bir hökumətin Amerika modelində olması nəzərdə tutulurdu. Amerikalılar İraqda həmişəlik qalmaq istəyirdilər. İstəyirdilər ki, İraqın müdafiə sistemi də onların nəzarəti altında olsun. Bəli, bu məqsədlərlə İraqa qədəm qoyuldu. Amma İraqda xalqın müqaviməti ilə rastlaşdılar. Amerika bu ölkəni əsarət altında saxlaya bilmədi. 2010-cu ilə qədər Amerikanın nəzərdə tutduğu təhlükəsizlik razılaşması imzalanmadı. Amerika məcbur oldu ki, öz hərbi qüvvələrini İraqdan çıxarsın. Amerikanın uğursuzluğu təkcə İraqla başa çatmadı. Suriya, işğal olunmuş Fələstin, Livan müqaviməti, 33 günlük müharibə Amerika üçün acı xatirəyə döndü. Amerikanın 2003-cü ildən bu günə qədərki fəaliyyətləri, o cümlədən İslam Respublikasına qarşı addımları müvəffəqiyyətsizliyə uğradı. İslam Respublikasına qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq olundu. Amma onlar məqsədə çata bilmədilər.
Digər tərəfdən Amerika artıq hərbi əməliyyatlara müstəqil qoşula bilmir. Amerikanın daxilində fikir ayrılıqları, iqtisadi böhran, məntəqədəki vəziyyət, müqavimət cəbhəsinin güclənməsi, İran İslam Respublikasının hadisələrə nəzarəti ələ alması, eyni zamanda beynəlxalq durum Amerikanı əməliyyatlarda birbaşa iştirak imkanından məhrum edib. Digər tərəfdən Amerikaya sübut oldu ki, iki böhrana nəzarət etmək gücündə deyil. Amerika artıq hərbi hegemonluq imkanlarını itirib. Ağ Ev yaxşı başa düşür ki, dünyaya nəzarət istəkləri artıq real deyil. Bunu Amerika prezidentinin çıxışlarında da görmək olar. Amerika öz rəqibini dizə çökürmək üçün hərbi hədə-qorxu, bu kimi başqa vasitələrdən istifadə edir. Amerika hərbi müdaxilə ilə qorxudur ki, öz istəklərinə çatsın. Hərbi təcavüz xəbərdarlığı yalnız psixoloji mahiyyət daşıyır. İraqa təcavüz zamanı Təhlükəsizlik Şurasından icazəsi alınmadı. Amerika dünyaya göstərmək istəyirdi ki, dünya dəyişib, o istədiyini edə bilər.

Sual: Birbaşa müdaxiləni əvəz edən ssenari nədir?

Cavab: Amerika artıq yeni ssenari üzərində işləyir. Əslində bu planlar 2003-cü ildən var. İndi Amerika Qərbi Asiyada cəngi-niyabəti, yəni təmsilçi müharibələr yolunu seçib. Məntəqədəki bəzi qüvvələri hərbi əməliyyatlara cəlb etmək, ölkələri parçalamaq, terrorizmlə mübarizə bəhanəsi altında koalisiyalar yaratmaq, bütün bu addımlar əslində dünyaya nəzarəti əldə saxlamağa xidmət edir. İslam ümməti arasında təfriqə yaradılması, iqtisadi və humanitar sanksiyalar bu məqsədlədir. Amerika öz hərbi mövcudluğunu belə planlarla əvəz edir. Bu ssenarilər müqavimət cəbhəsi, İslam Oyanışına qarşı nəzərdə tutulub. Təəssüf ki, İslam Oyanışı əvvəlcə müsbətə doğru hərəkətdə olsa da, sonradan bəzi ölkələr tərəfindən əsas xətdən çıxdı. Təmsilçi müharibələrdən danışaq. Belə müharibələrin iki qanadı var. Bu gün İŞİD-i görürsünüz. Qanadlardan biri İŞİD kimi təkfirçi cərəyanlardır. Bu cərəyanlar cəhalət və xəbislik girdabında qərq olub. İkinci qanad Amerikanın müttəfiqi olan ölkələrin hücumlarıdır. Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü buna misal ola bilər. Amerika Təhlükəsizlik Şurasının icazəsi olmadan İraqa təcavüz etdiyi kimi Səudiyyə Ərəbistanı da eyni yolu gedib Yəmənə təcavüz etdi. Bu çox təhlükəli tendensiyadır. Əgər beynəlxalq təşkilatların razılığı olmadan bir ölkənin o biri ölkəyə təcavüzü ənənə şəkli alsa, vəziyyət daha da gərginləşər.
İŞİD-i, təkfirçilərlə mübarizəni bəhanə edərək süni koalisiya yaratdılar. Onların məqsədi İŞİD-i aradan götürmək deyildi. Əgər bu qrupla mübarizə aparmaq istəsəydilər ixtiyarlarında olan texnoloji, hərbi, informasiyon imkanları İraq dövlətinin ixtiyarına verərdilər. Əslində Amerika İŞİD-lə mübarizə bəhanəsi ilə koalisiya yaradıb İraq daxilində dövlətə tabe olmayan qüvvələri silahlandırmaq istəyir. Əgər İŞİD səhnədən çıxsa İraqa təcavüz üçün bəhanə qalmır. Amerika hazırda bu məqsəd üzərində işləyir. O, İraqa qayıtmaq, bu ölkə üzərində nəzarəti bərpa etməyə çalışır.
Yuxarıda qeyd olunan iki amildən istifadə etməklə hazırda məntəqədə böyük gərginlik yaradıblar. İŞİD deyir ki, Liviyadan İranın şərq sərhədlərinə qədər, sonra Mosuladək İslam xilafəti yaradacaq. İraqla Suriya arasındakı siyasi sərhədləri aradan götürməyi planlaşdırırlar. Bu bir geosiyasi dəyişiklikdir. Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü də bu məqsədlə həyata keçib. Bütün bu işlər Amerikanın hərbi təcavüz və işğallarını əvəz etmək üçündür. Əgər 2003-cü ildə Amerika hərbi üstünlüyü birbaşa iştirakla ələ almaq istəyirdisə, bu gün təmsilçi müharibələr, regiondakı qüvvələri əməliyyatlara cəlb etməklə vəziyyətə nəzarət etmək istəyir. Hazırda təkfirçiliyi himayə edən Amerika, sionist rejim və mürtəci ərəb başçıları təbii ki, İran İslam Cümhuriyyətinə qarşı olmalıdır. Suriya hadisələrində Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə birbaşa meydana daxil olub. İraqda təkfirçilərə münasibətdə şahid olduq ki, İran İslam Respublikası ilk addım atdı. Bu o demək deyil ki, İran öz milli mənafelərini nəzərə almır. Əksinə, İranın milli mənafeləri tələb edir ki, İŞİD-ə qarşı öz ərazilərindən kənarda da mübarizə aparsın. Çünki İŞİD və onu yaradanlar bütün məntəqə üçün plan cızıb. Əgər terrorizm məntəqədə möhkəmlənsə o məhdud coğrafiya ilə kifayətlənməyəcək. Bunun qarşısını almaq üçün İran İslam Cümhuriyyəti Yəmən, Qəzzə, Livanı himayə edir. Bu himayə insani, əxlaqi, islami himayə olmaqla yanaşı İranın milli mənafelərinə xidmət edir.

Sual: İran üçün lokal müharibələr yarada bilərlərmi?

Cavab: Bu gün İran xalqının müqavimətini qırmaq üçün ən amansız saksiyalar tətbiq olunub. Regiondakı gərginlikdə də İrana qarşı çirkin məqsədlər dayanır. Onlar İran İslam Respublikasını regiondakı əməliyyatlara cəlb etmək istəyir. Hər vasitə ilə çalışırlar ki, əməliyyatlar İran sərhədlərinə yaxınlaşdırılsın. Bu il seçki ili olduğundan bundan istifadə etmək istəyirlər. Amerika bir tərəfdən iqtisadi sanksiyaları davam etdirir, digər tərəfdən İran daxilində gərginlik yaratmaq istəyir. Amerikanın himayələri sayəsində bu gün hətta Pakistan və Əfqanistanda İŞİD ciddi problemə çevrilib. Artıq Talibanın mövqeləri zəifləmişdir. İŞİD Talibanın yerini tutmaqdadır. Biz proqnozlaşdırırıq ki, Amerika bu gərginliyi İrana yaxınlaşdırmağa çalışır. Amerikanın İranla apardığı müzakirələr, sanksiyalar, istənilən bir addımı onun çirkin məqsədlərinə hesablanıb. Amerika problemləri həll etmək üçün müzakirələrə gəlməyib. Amerika çalışır ki, müharibə yolu ilə əldə edə bilmədiyini müzakirə yolu ilə əldə etsin.
Başlanğıcda sanksiyalar dövlətə qarşı yönəlmişdi. Tədricən sanksiyaların çevrəsi genişləndi və xalqı da əhatə etdi. Dərman pereaparatlarına qadağa qoyulub. Amerika açıq bildirir ki, sanksiyalarda məqsəd İran xalqını dövlətə qarşı ayağa qaldırmaqdır. Bu bir növ İran İslam Cümhuriyyətinə qarşı planların baş tutmadığının etirafıdır. Hər şeydən əllərini üzəndən sonra, ümidlərini xalqın etirazına bağlayıblar. Bunun oxşarını Qəzzədə də görürük. 51 günlük müharibədə işğalçı rejim infrastrukturlara, məktəblərə, xəstəxanalara, yaşayış məntəqələrinə zərbə endirdi. Məqsəd xalqın müqavimətini qırmaq, xalqı müqavimət qüvvələrinə qarşı ayağa qaldımaqdır. Bu gün eyni işi Səudiyyə Ərəbistanı Yəməndə həyata keçirir. Hərbi əməliyyatlar ölkə iqtisadiyyatını dağıtmağa hesablanıb. Məqsəd xalqı inqilabi qüvvələrə qarşı etiraza sövq etməkdir.
Bəli, Amerikanın əsas məqsədi məntəqədə gərginlik yaratmaqdır. O bu yolla Müqavimət Cəbhəsini zəiflədəcəyini düşünür. Təbii ki, müsəlmanların Amerika ordusu ilə vuruşması yox, bir-biri ilə vuruşması Ağ Evin mənafelərinə işləyir. İslam Oyanışında xətdən uzaqlaşma elə budur. Əgər müsəlmanlar işğalçı İsrail rejimini hədəfdə saxlasaydı, bunu əsas məqsəd kimi nəzərdə tutsaydı arada bir belə parçalanma olmazdı.
İran İslam Cümhuriyyəti öz düşmənlərdən başqa bir şey gözləmir. İslam Cümhuriyyəti Allaha, imana, milli birliyə, uzaqgörən rəhbərliyə güvənir. İslam Cümhuriyyəti bir çox səhnələrdə öndədir. Hadisələr göstərir ki, İran qonşu ölkələrlə həmkarlıq edərək bu ölkələrdə sabitlik yaratmağa müvəffəq olur. Amma bu istiqamətdə təlaşları ikiqat artırmaq lazımdır. Yoxsa təmsilçi müharibə, saxta koalisiya mövcud gərginliyi qeyri-müəyyən müddətə yaşatmağa çalışır. Bu gün düşünməməliyik ki, məntəqədəki hadisələrə Səudiyyə Ərəbistanı başçılıq edir. Bu ölkənin Yəmənə təcavüzü insanlıq əleyhinə bir cinayətdir. Bununla belə baş verən hadisələrin layihəsini cızan imperializm və sionizmdir. Məqsəd təmsilçi müharibələr vasitəsi ilə gərginliyi İran sərhədlərinə yaxınlaşdırmaqdır.

Sual: Böhranlar daxilində bir fürsət görünürmü?

Cavab: İran İslam Respublikası bu günə qədər böhranlar daxilində bir fürsət axtarıb. Bugünkü böhranlar da bir fürsətə çeviriləcək. Təbii ki, məntəqədə oyaq bir ittifaq yaranmalıdır. Bu ssenarinin uzunmüddətli olacağı gözlənilir. Təhlükə lokallaşdırılmasa daha da ciddiləşəcək. Çünki onlar sərhəd tanımır. Terrorizm cərəyanı üçün heç bir sərhəd yoxdur. İran qonşu ölkələrlə sərhədlərində təhlükəsizliyə böyük diqqət yetirir. İrana qonşu olan İraqda gərginlik yaşanır. Əfqanistan da bir böhran yaşayır. Bu gərginliklərin qısa müddətdə başa çatması real olmasa da, sərhədlərdə nəzarəti gücləndirmək önəmli məsələdir.
Təkfirçi cərəyanlar on minlərlə insanı qətlə yetirsələr də bu gün məsuliyyət daşımırlar. Necə ki bugünkü cinayətlərinə görə onları mühakimə edən yoxdur. Dünya birliyi bu cinayətləri məhkum edirmi?! İŞİD İraqa hücum edəndə, Amerika və Qərb ölkələri üç aya qədər müşahidəçi mövqe tutdu. Aydın olur ki, arada bir razılaşma var. Amerika öz mənafelərinə uyğun olaraq planlar cızır. Bu gün planları budur ki, müqavimət cəbhəsi qarşısında təkfirçiləri gücləndirsinlər. Əgər təkfirçilik müqaviməti səhnədən çıxara bilsə təbii ki, özü Amerikanın hədəfinə çeviriləcək. Çünki təkfirçilər Amerikaya alət kimi lazımdır. Nə qədər ki, Amerikanın mənafelərinə işləyir himayə olunacaq, öz missiyasını başa vurandan sonra səhnədən çıxarılacaq. Biz bunu Taliban və Əl-Qaidənin timsalında gördük.
Source : Nur.az
Comment