0
Sunday 26 November 2023 - 14:52

“Tərtər işi” üzrə zərərçəkənlər təhdid olunurlar

Story Code : 1098289
“Tərtər işi” üzrə zərərçəkənlər təhdid olunurlar

Noyabrın 22-də Tərtər işi üzrə zərərçəkənlərdən bir qrupu Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirmək istəyib. Onlar artıq 6 ildir başladılan bu işdə cinayətkarların nəinki cəzasız qalması hətta vəzifədən belə kənarlaşdırılmamasına etiraz ediblər.
Etirazçılardan biri Validə Əhmədova sabahısı gün oğlunun mülki geyimli şəxslər tərəfindən təhdid olunduğunu bildirir. Validə Əhmədova 2017-ci ilin mayında Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anasıdır. O  başqa oğlu Emin Quliyevin aksiyanın sabahısı günü 3 nəfər mülki geyimli şəxs tərəfindən evdən aparıldığını bildirib. Validə xanımın dediyinə görə, Emin Polis şöbəsinə aparılıb və orada ona deyilib ki, anan prezidentin əleyhinə danışmağa son qoymasa sən həbs olunacaqsan.
Validə Quliyeva Aksiyada Kərim Vəliyevin və  Xanlar Vəliyevin Tərtər işində ən əsas cinayətkar olduğuna və buna baxmayaraq vəzifədə qaldıqlarına diqqət çəkərək Prezident İlham Əliyevin cinayətkarları qoruduğunu və ən əsas cavabdeh olan da elə Prezidentin özü olduğunu bildirmişdi.
“Oğluma deyiblər namaz qılansan elə eləmə ki,başqa dindarların başına gələnlər sənin də başına gəlsin”,- Validə Quliyeva Azadlıq Radiosuna deyib.
 
2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsiliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.
Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər.
Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür. Bunlardan bir nümunəsi polkovnik-leytenant Saleh Qafarova verilən işgəncələrdir. Onun əllərini və ayaqlarını bağlayıb suda batırmış, bədəninə cərəyan vermiş, dırnaqlarını çıxarmış, çənəsini sındırmış və əlləri bağlı şəkildə 2-ci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir.
Azərbaycanın hərbi, hüquq mühafizə orqanları, hətta icra başçılarının birgə iştirakı olan bu cinayətlər hakimiyyətdə mütəşəkkil cinayətkar dəstələrin fəaliyyəti barədə ictimaiyyətdə formalaşan fikirləri təsdiqləmiş oldu.
İndi zərərçəkənlər belə qənaətdədirlər ki, hakimiyyətdaxili qanuni orqanların törətdiyi misli görünməmiş qanunsuzluqlara baxılması üzrə açılmış cinayət işi yenə də  hakimiyyətdaxili mütəşəkkil cinayətkar qrupların nəzarətindədir.
 
Source : SaharTV
Tagged
tərtər
Comment