0
Thursday 29 March 2012 - 10:20

Masallıda ara qarışıb

Story Code : 148918
Azərbaycan - Masallı
Azərbaycan - Masallı
İcra başçısını müavini Masallı Ziyalıları İctimai Birliyinin aksiyası ilə bağlı "Azadlıq"a nələr deyib?

Masallı Ziyalıları İctimai Birliyinin rayonda başlatdığı ölüm aclığı davam edir. Bu barədə "Azadlıq"a birliyin sədri Məmmədağa Eynullayev bildirib. Onun sözlərinə görə, aksiyaya 30-dan artıq rayon sakini dəstək verib: "Aksiyaya böyük maraq var. Bu, əlbəttə ki, Masallı sakinlərinin icra başçısı Qəzənfər Ağayevin qanunsuz əməllərindən cana doyması ilə bağlıdır".
Məmmədağa Eynullayev əlavə edib ki, yerli hakimiyyət aksiyanın kütləvi xarakter almaması üçün cəhdlərini davam etdirir: "Birliyin fəallarına ciddi təzyiqlər var. Konkret olaraq Xıl kəndinin icra nümayəndəsi Elbrus Kərimov birliyin fəalı Hadir Zamanovun yaşadığı ünvana gedərək ondan aksiyanı dayandırmağı tələb edib. Əks-təqdirdə ciddi problemlərlə üzləşəcəyi ilə hədələyib. Bundan başqa Kalinovka kənd icra nümayəndəsi Nizami Məmmədov Hüsnühacılı kəndində aclıq edən Yaqub Kazımlıya hədə-qorxu gəlib".
Birlik sədri deyib ki, aksiya ilə yanaşı ziyalılar ölkə başçısı İlham Əliyevə də müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Masallıda dözülməz vəziyyət yaradıb, dövlət vəsaitlərini mənimsəyərək şəxsi biznesini qurur, insan hüquq və azadlıqlarını, mülkiyyət hüquqlarını kobud şəkildə pozur. "Xahiş edirik dünyada və ölkəmizdə baş verən son hadisələri nəzərə alaraq Qəzənfər Ağayevin qanunsuz əməllərinə, Masallı əhalisinə etdiyi zülmlərə son verilməsi üçün müvafiq addımlar atın", - deyə müraciətdə vurğulanır.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə "Azadlıq"a açıqlamasında Masallı Ziyalıları İctimai Birliyinin aksiyasını şou adlandırıb: "Heç bir aksiyadan söhbət getmir. Bu adamlar sadəcə şou göstərməklə məşğuldur. Bu işlərin başında dayanan şəxs - Məmmədağa Eynullayev vəzifə davası aparır. O, əvvəllər Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində çalışıb. İşdən çıxarılmısını həzm edə bilmədiyindən bu cür ucuz şoulara əl atıb. Onun özü və ətrafında bir-iki şəxsdir bütün bunları edən. Həmin şəxslər də ruhi xəstədir. Onlar aclıq etmirlər, yeyirlər də, su da içirlər. Mətbuatı, ictimaiyyəti aldatmaqla məşğuldurlar".

Məmmədağa Eynullayev Nəsir Muxtarlının fikirlərini böhtan adlandırıb: "Əgər aksiya keçirilmirsə, niyə rayon rəhbərliyi əl-ayağa düşüb?! Niyə birliyin fəallarına təzyiqlər edilir?! Mən bayaq təzyiqlərlə bağlı konkret misallar çəkdim. Bundan başqa əgər aksiya keçirilmirsə, nədən Ərəb kəndində aclıq edən fəalımız Ramil İbadullayevə həkim nəzarəti var? Mənim vəzifə davası aparmağıma gəlincə, tələbim vəzifə ilə təmin olunmaq deyil, Masallıda qanunsuzluqlara son qoyulmasıdır. Nəsir Muxtarlının özünün ruhi-psixoloji durumunda problemlər var, ona görə də belə açıqlamalar verir".

Bu arada redaksiyamıza məlumat daxil olub ki, rayonda Masallı Ziyalıları İctimai Birliyinə alternativ təşkilat - Masallı Rayon Ziyalılar Cəmiyyəti yaradılıb. "Azadlıq" cəmiyyətin sədri Qardaş Fətullayevlə əlaqə saxlayıb. Qardaş Fətullayev bildirib ki, cəmiyyət yeni yaradılmayıb: "Masallı Rayon Ziyalıları Cəmiyyəti uzun müddətdir ki, yaradılıb. Sadəcə onun sədri Novruz Novruzov dünyasını dəyişdikdən sonra bir müddət fəaliyyətində durğunluq yaranıb. Lakin artıq aktiv fəaliyyətə başlamışıq. Cəmiyyətin İdarə Heyəti toplanaraq məni sədr təyin edib".
Qardaş Fətullayev əlavə edib ki, rəhbərlik etdiyi təşkilatın Masallı Ziyalıları İctimai Birliyinə qarşı yaradılması barədə deyilənlər əsassızdır: "Belə bir şey yoxdur. Bir daha təkrar edirəm ki, cəmiyyət uzun müddətdir mövcuddur".
Bununla belə cəmiyyətin sədri bildirib ki, Məmmədağa Eynullayevin addımlarını dəstəkləmir: "O, Masallı ziyalıları adından danışa bilməz. O, mövqeyini tez-tez dəyişən şəxsdir. Əvvəllər icra hakimiyyətində hüquq şöbəsində çalışıb. Necə ola bilər ki, vəzifədə olanda deyəsən hər şey yaxşıdır, amma işdən çıxandan sonra bunun əksini söyləyəsən. Ona görə də biz bəyanat qəbul etmişik ki, Məmmədağa Eynullayevin rayon ziyalıları adından danışmağa haqqı yoxdur".
Məlumat üçün deyək ki, Qardaş Fətullayev Masallı rayon Təhsil Şöbəsində məsləhətçi işləyir.
Məmmədağa Eynullayev Qardaş Fətullayevin fikirlərini də cavablandırıb. Birlik sədri bildirib ki, Masallı Rayon Ziyalıları Cəmiyyəti onun rəhbərlik etdiyi təşkilata qarşı yaradılıb. "Məqsəd Masallı Ziyalıları İctimai Birliyini nüfuzdan salmaqdır", - deyə o, vurğulayıb. /Deyerler/
Comment