0
Sunday 29 July 2012 - 13:13

Növbə "Papanin"ə çatdı: 51 mənzil və obyekt buldozerin qabağına verildi

Story Code : 183174
Azərbaycan - Papanin
Azərbaycan - Papanin
Nəsimi rayonundakı 3-cü Alatava yaşayış sahəsində evləri sökürlər. İlkin olaraq 51 ev sökülür. Səbəb yolun genişləndirilməsidir. Ərazidə yaşayan sakinlər isə narazıdırlar. Onlar əsasən kompensasiyanın azlığından şikayətlənirlər. Ötən gün sözügedən ünvana baş çəkdik...

Mülkiyyət toxunulmazdırmı?

Papanin körpüsünün ətrafındakı evlərin, dükanların əksəriyyəti sökülüb. Sakinlərin dediyinə görə, 51 mənzil və obyekt söküləcək. Onların bir hissəsi sökülsə də, başqa bir hissəsi hələ yerindədir. Bəzi sakinlərlə razılığa gəlinməyib, bəzi evlərisə hökumət sökmək istəmir: “Əslində sökülməli evlərin sayı 51-dən çoxdur. Burada beş-altı ev var ki, sökülməlidir, ancaq heç nə etmirlər”.

Birmərtəbəli mənzillər uzaqdan gecəqondulara bənzəyir. Ancaq insanlar illərdir öz evlərinə pul-para töküblər. Sökülməyən mənzillərin bir neçəsinə daxil oluruq - ən pisi orta təmirlidir. Yəni kənardan bizim kimi çoxlarına da ərazi pis görünə bilər. Kimsə də düşünə bilər ki, bu cür evlər Bakının ümumi görünüşünə xələl gətirir. Bir sözlə, kim necə istəyirsə, düşünə bilər, ancaq konstitusiyada “mülkiyyət toxunulmazdı” yazılıb. Əgər o mülkiyyətin hətta dövlət əhəmiyyətli işlərə görə sökülməsi planlaşdırılırsa, insanlar şəhərdən uzaq olmayan yerdə evlə təmin edilməli, ya da bazar qiymətlərinə uyğun kompensasiya almalıdırlar. Bunların heç biri olmayanda isə...

Hərəyə bir cür kompensasiya verilir

Sakin Ədalət Zülfüqarovun yaşadığı mənzilin ətrafı sökülür. Deyir ki, evin hər bir yanı sökülür: “Gecə dağıntı olanda qorxudan yata bilmirik. Hamını köçürürlər, ancaq bizə növbə çatmır. Qonşuları köçürürlər, bəs biz nə vaxt köçəcəyik. Dağıntılar zamanı evimiz böyük ziyan çəkib”.

Ədalət Zülfüqarovun mənzilinin sahəsi 100 kvadrat metrdir. Evləri sökülənlərə 800-1000 manat arasında kompensasiya verilir. Kimin sənədləri tam qaydasındadırsa, hər kvadrat üçün 1200 manat ödənilir. Halbuki Ilham Əliyev bu ilin yazında çıxış edərkən şəhərin hansı yerində evlərin sökülməsindən, sənədlərin qaydasında olub-olmamasından asılı olmayaraq hər bir mənzil sahibinə kvadratı 1500 manatdan kompensasiya verilməsini tapşırmışdı. Üstəlik, ölkə başçısı çıxışında 1500 manatın ədalətli kompensasiya olduğunu da vurğulamışdı. Indi alatavalılar haqlı olaraq Ilham Əliyevin televizya vasitəsi ilə müşavirədə söylədiyi rəqəmi məmurlardan tələb edirlər. Məmurlar isə bunu qulaqardına vuraraq 1000 manatdan artıq kompensasiya verilməyəcəyini bəyan edirlər. Bir-iki mənzil sahibi anlaşaraq 1200 manatla razılaşaraq evindən çıxıb.

Sakinlər deyirlər ki, söküntü işlərinə başçılıq edən şəxslər qonşular arasında “nifaq” salır: “Biz bilmirik kimə nə qədər pul verilir. Hərəyə bir qiymət deyirlər. Kiminlə anlaşırlarsa, onlara ”sakit dur!" əmrini verirlər. Mənzil sahibləri də pullarını almaq üçün hər şeyi bizdən gizlədirlər.

Sökülməyən evlərin hamamları, hasarları uçub

Sakin Səidə Şükürovanın yaşadığı mənzil qonşuların evləri sökülən zaman dağıntıya məruz qalıb. Ancaq onun evini sökmək istəmirlər: “Evimin bir hissəsi ziyan çəkib, hamam uçurdulub. Qonşuları köçürdürlər, ancaq bizi yox. Mənzilimin yan-yörəsi sökülür, bizə deyirlər ki, sizin evinizin növbəti 3 ildə sökülməsi planlaşdırılır. Burada yol çəkilir və yaşadığım mənzil düz asfaltın qırağında olacaq. Həyatdı, bilmək olmaz, bir qəza törədilsə, maşın evimizin içinə girəcək. Sökürlərsə, hamının evini söksünlər və bazar qiymətlərinə uyğun kompensasiya verilsin”.

Səidə Şükürova deyir ki, ya onun da evini hamı kimi söksünlər, ya da dəymiş ziyana görə ona maddi yardım etsinlər: “Evim sökülməyəcəksə, hamamımı bərpa etsinlər. Hasarımın bir hissəsi uçub, bunları kim təmir edəcək? Hamam, hasar tikməyə imkanım yoxdur. Güc-bəla ilə özümüzə bir mənzil düzəldib içinə girmişik”.

Məcburi köçkün Gülsura xalanın da mənzili dağıntılar zamanı ziyan çəkib: “Qonşumuzun evini sökəndə hamam və hasar uçdu. Deyirlər ki, həyətinin bir hissəsi yola düşür, ancaq kompensasiya verilməyəcək”.

Ərazidə yaşayan sakinlər mənzillərindən hər an çıxmağa hazır olduqlarını dilə gətirirlər. Sadəcə bircə diləkləri var, onlara bazar qiymətlərinə uyğun kompensasiya verilsin. Bunu isə hökumət vermir.

Hətta Ilham Əliyevin söylədiyi “ədalətli kompensasiya” da bu insanlara çox görülməklə yanaşı əşyalarını daşımağa maşın da verilmir. O şəxslər maşın əldə edə bilir ki, razılığa gəliblər.

***

Biz ərazini tərk edəndə yaşlı bir kişi evinin damına çıxaraq söküntü işiylə məşğul olurdu. O fəhlələri gözləmədən iş başındaydı. Bu saqqalı ağarmış qocanı indi nə konstitusiyada yazılan “mülkiyyət toxunulmazdı”, nə də Ilham Əliyevin “ədalətli kompensasiyası”sı maraqlandırır. O, bircə şey haqda düşünür - gecəni harada keçirəcək. Buldozer isə öz işini görürdü...(azadliq.az)
Comment