0
Sunday 18 November 2012 - 00:26

İsa Qəmbər: “Bu aksiya bir neçə özəlliyi ilə yadda qaldı”

Story Code : 212776
İsa Qəmbər: “Bu aksiya bir neçə özəlliyi ilə yadda qaldı”
Mitinqin təşkilatçıları siyasi partiyaların, gənclər təşkilatlarının, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri, eləcə də mühacirətdə yaşayan azərbaycanlılar olub. Aksiya polis tərəfindən dağıdılıb. Çoxlu sayda aksiyaçı polis tərəfindən saxlanılıb.

Keçirilmiş etiraz aksiyası ilə bağlı dəyərləndirmələrini Deyerler.Org ilə bölüşən “Musavat” partiyasının başqanı İsa Qəmbər aksiyanın baş tutduğunu və bu aksiyanın bir sıra özəl cəhətlərinin olduğunu bildirib. “Bugünkü aksiyanın bir neçə özəlliyi var. Birincisi, 20 oktyabrda olduğu kimi, bu aksiya da ayrı-ayrı siyasi təşkilatların deyil, sosial şəbəkədəki fəalların təşəbbüsü ilə keçirilib. Təbii ki, həm müsavatçılar, həm cəbhəçilər, həm də digərləri bu aksiyada fəal iştirak ediblər.

İkinci önəmli cəhət bundan ibarətdir ki, parlamentin buraxılması tələbi ilə aksiya keçirildi. Bir daha xalqın, cəmiyyətin, demokratik düşərgənin parlamentə etimadsızlığı, inamsızlığı göstərildi. Bu, xüsusilə Elşad Abdullayevin video materiallarının ortaya çıxması zəminində diqqətəlayiqdir. Çünki bu videolar parlamentin saxta olduğunu bir daha sübut etdi.

Üçüncü maraqlı cəhət ondan ibarət idi ki, bu dəfə mülki geyimlilərlə yanaşı, polis geyimli olanlar da çox böyük fəallıq göstərirdilər. Məncə, burada polis rəhbərliyinin özünü hakimiyyətə, rejimə bir daha nümayiş etdirmək məqsədi güdülürdü. Polis rəhbərliyi, DİN bir daha hakimiyyətə öz zəruriliyini, lazımlılığını nümayiş etdirmək istəyirdi.

Ümumilikdə aksiyanı baş tutmuş hesab edirik. Hesab edirik ki, parlamentin buraxılması tələbinin bir daha ölkədə, mediada, həm də beynəlxalq mətbuatda əks olunmasına səbəb olan uğurlu aksiya keçirildi. Bu aksiyada xüsusi fədakarlıq göstərənlərə, xüsusilə xanımlara və gənclərə öz minnətdarlığımızı bildiririk”.

/Deyerler.Org/
Comment