0
Thursday 24 January 2013 - 23:43

İsmayıllı hadisəsi müxalifət liderlərini bir araya gətirdi

Story Code : 234369
İsmayıllı hadisəsi müxalifət liderlərini bir araya gətirdi
İsmayıllı hadisəsi müxalifət liderlərini bir araya gətirdi
İsmayıllıda baş verənlərlə bağlı İctimai Palata yanvarın 24-də fövqəladə toplantı keçirib. Əvvəlcə saat 12.00-da İP Koordinasiya Şurasının növbədənkənar iclası olub. İclasda İsmayıllı olayları ilə bağlı bəyanat qəbul edilib, saat 16.00-da ictimaiyyət nümayəndələrinin, siyasi partiyaların, İsmayıllıdan olan vətəndaşların iştirakı ilə dinləmələrin keçirilməsinə qərar verilib. Qərara uyğun saat 16.00-da Müsavat Partiyasının qərargahında dinləmələr başlayıb. Tədbirə İP üzvlərindən başqa, “Ümid” sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, ACP sədri Sülhəddin Əkbər, VAMBP sədri Hacıbaba Əzimov və başqa tanınmış simalar da qatılıb.

Toplantını giriş sözü ilə Müsavat başqanı İsa Qəmbər açıb. O, toplantının əsas məqsədinin hakimiyyəti İsmaylllı camaatına zor tətbiq etməkdən çəkindirmək olduğunu deyib. O, məlumat verib ki, İctimai Palata təmsilçiləri Qələndər Muxtarlı və Tofiq Yaqublu İsmayıllıya ezam olunublar.

AXCP sədri Əli Kərimli bildirib ki, İsmayıllıda baş verənlər ölkədəki total narazılığın bir ifadəsidir. “Azərbaycan böyük dəyişiklikər ərəfsindədir” deyən Ə.Kərimli bildirib ki, vəziyyəti bu həddə çatdıran hakimiyyətin yanlış idarəçiliyidir. “İnsanlar bezib və bacardıqları şəkildə öz məhkəmələrini qururlar”, – deyə AXCP sədri qeyd edib.

Ə.Kərimli bəyan edib ki, hakimiyyət repressiya ilə xalqın haqlı etirazlarının qarşısını ala bilməyəcək. “Biz hakimiyyətdən tələb edirik ki, güc tətbiq etməsin, repressiya həyata keçirməsin. Azərbaycan hakimiyyəti bilməlidir ki, xalq sakitcə bunların repressiyalarına dözmək niyyətində deyil. Baş verənlər göstərdi ki, hakimiyyətin idarəetmə sistemi iflasa uğrayıb”, – deyə o vurğulayıb.

“Ümid” sədri İqbal Ağazadə ölkədə idarəçiliyin artıq iflas vəziyyətində olduğunu bildirib. “Artıq etirazlar bütün ölkə üzrə xroniki hala keçib. Artıq bütün insanlar etiraz edir. Hakimiyyət bilməli idi ki, proses hansı həddə çatacaq” deyən Ağazadə 2013-cü ilin Azərbaycan üçün uğurlu olacağına inamını ifadə edib. Partiya sədri vurğulayıb ki, hakimiyyətin repressiv addımlarını durdurmaq üçün demokratik qüvvələr birlikdə addım atmalıdır.

VAMBP sədri Hacıbaba Əzimov bildirib ki, demokratik qüvvələr belə vəziyyətdə bütün gücünü birləşdirməlidir: “Bu kriminal hakimiyyətdir. Belə hakimiyyətə qarşı onun öz mahiyyətinə uyğun siyasət aparmalıyıq. Bunlar Bəşər Əsədin yolunu gedəcək. Biz indidən hakimiyyətin istefası məsələsini qoymalıyıq”.

ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda baş verən hadisələrin çox təhlükəli olduğunu deyib: “Bu hadisə ölkəyə çox böyük təhlükə vəd edir. Hakimiyyətdəki qruplardan biri bu cür hadisələrdən istifadə edə bilər. İkinci təhlükə Rusiyadan gəlir. Müxalifətin pərakəndəliyi də təhlükəıni artırır. Azərbaycan cəmiyyətində inqilaba psixoloji hazırlıq gedir. Quba və İsmayıllı hadisələri bunu sübut edir. Azərbaycan inqilaba sürüklənir”.

ACP sədri Sülhəddin Əkbər bildirib ki, Azərbaycanda təkpartiyalı sistemin formalaşmasından sonra prosesin bu şəkil alacağı əvvəldən məlum idi: “Azərbaycan o vaxtdan inqilaba hamilə qaldı. Hakimiyyət artıq milli təhlükəsizliyə təhdid probleminə çevrilib. Müxalifətin vəzifəsi yerlərdə lokal aksiyaları birləşdirmək olmalıdır. Bütün müxalifət qüvvələırinin birgə kütləvi tədbirlərinə hazırlaşmalıyıq. Təklif edrəm ki, 31 yanvarda Rəsulzadənin doğum günündə birgə tədbir keçirək. Biz hakimiyyəti dəyişmək üçün birləşməliyik”.

İP KŞ üzvü Vidadi Mirkamal deyib ki, hakimiyyət Azərbaycana şəxsi dükanı kimi baxır, insanları saymır. İsmayıllıda da insanları bezdiriblər, nəticədə xalq ayağa qalxıb.

AXP sədri Pənah Hüseyn isə bildirib ki, İsmayıllı camaatı tək deyil. Onların arxasında bütün xalq, buradakı qüvvələr var. “Biz də bura ona görə yığışmışıq ki, onlarla həımrəylik ifadə edək. Təklif edirəm ki, toplantı adından İsmayıllı cammatı ilə bir olduğumuzu bildirən, repressiyanı pisləyən, həbs olunanlara azadlıq tələb edən bəyanat qəbul edək. Bu sadəcə bir hadisə deyil. Bu, xalq üsyandır”.

(Azadliq)
Source : Azadliq
Comment