0
Thursday 21 February 2013 - 09:45

"Alınmadı, bizi yarıb keçdilər..."

Story Code : 241395
"Alınmadı, bizi yarıb keçdilər..."
2012-ci ilin oktyabr ayının 5-i Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba azadlıq" aksiyasında saxlanılanlardan Rövşən Allahverdiyev, Tərlan Ağadadaşov, Davud Kərimov, Muraday Quluyev, Ceyhun Quliyev, Telman Şirəliyev, İlham Hətəmov və Anar Qasımlının məhkəmə iclası keçirilib.
İslamazeri.az-ın xüsusi müxbirinin məhkəmədən verdiyi xəbərə görə, məhkəmə prosesinə media yalnız fasilədən sonra buraxılıb. Fasilədən sonra proseslə bağlı bütün şahidlər dindirilib.
Hakim, zərərçəkmiş kimi Nərimanov Rayon Post Patrulunda çalışan polis serjantı Şükür Sədullayevi dəvət edib.
Vəkil Anar Qasımlı şahid və zərərçəkmiş kimi dindirilən polislərin iclasa silah, qaz və digər vasitələrlə gəlməsinə etiraz edib.
Hakim bu etirazın növbəti iclaslarda nəzərə alınacağını deyib.
Polis serjantı Şükür Sədullayev deyib: "Bizi avtobusla gətirdilər hadisə yerinə. Sonra gördük ki, bir qrup adam şuarlar səsləndirərək və plakatlar tutaraq Təhsil Nazirliyinin qarşısına gəlir. Əvvəl biz qarşılarını almağa çalışdıq, amma alınmadı, bizi yarıb keçdilər. Qarşılarını almağa çalışarkən mənə tərəf plakat atıldı və mən üzümə dəyməsin deyə əlimi qaldırdım. Taxta da sağ əlimə dəyərək xəsarət yetirdi."
Hakimin, dövlət ittihamçısının və vəkillərin suallarının cavabında isə Ş. Sədullayev birmənalı olaraq bildirib ki, ona xəsarət yetirəni görməyib, tanımır. Lakin əlində dəyənək olan insanlar görüb. İbtidai istintaq zamanı isə ona göstərilən şəkillərdən ikisinin aksiyada gördüyü şəxslərə bənzədiyini deyən polis əməkdaşı daha sonra bəzi suallar qarşısında əvvəlki ifadəsinə uyğun olmayan cavab verib. Vəkillərin sualları qarşısında çaş-baş qalan polisin sözləri əvvəlki ifadəni öz iradəsi ilə deyil, təsir altında verdyi təəssüratı verirdi.
Hakim ondan şikayətçi olub-olmadığını soruşanda isə, belə cavab verdi: "Burdakılardan heç birinin məni vurduğunu deyə bilmərəm. Onlardan şikayətçi deyiləm."
Sonra hakim həmin serjantın komandiri, polis mayoru İbrahimov Etibarı çağırıb. O deyib: "Bizə xəbər vermişdilər ki, orada aksiya olacaq. Biz də ona görə qabaqcadan orada idik. Birdən taksilərlə gəlib töklüşdülər. Belə gözləmirdik. Birinci dəfə idi ki, bu cür qəfil aksiya olurdu. "Misir istefa" yazılan plakatlat tutmuşdular. Yaşıl, uzun dəyənəklərlə gəlirdilər. Qarşılarını almağa çalışarkən məni vurdular. Mən polis formasında idim, amma əməkdaşlarımızın bəziləri mülki geyimdə idilər. Başımdan, əlimdən xəsarət aldım və məni kənara çəkib ilkin yardım göstərdikdən sonra hospitala apardılar. Məni vuranı özüm görmədim, amma əməkdaşlarım sonradan dedilər ki, məni vuran Tərlan adlı şəxs olub."
Vəkillər ondan polislərin mülki geyimdə olmalarının səbəbini soruşanda isə belə cavab verdi: "Həmin gün mülki geyimdə qadınların futbolunna gedəcəkdik, orda asayiş qoruyacaqdıq. Bu aksiya xəbəri gələndən sonra isə tələsik nazirliyin qabağına getdik, ona görə də bəzi polislər formalarını geyinməyə vaxt çatdıra bilmədilər."
Vəkillərin ona ünvanladığı suallara isə E. İbrahimov konkret olaraq zalda ittiham olunanlardan heç birini tanımadığını, aksiyada görmədiyi cavabını verib.
Daha sonra hakim, Nərimanov RPŞ-nin İctimai Təhlükəsizlik şöbə müdiri Fərmanov fərmanı dəvət edib.
F. Fərmanov deyib ki, "Həmin gün Bakıda həm də gənc qadınlar arasında dünya çempionatı keçirilirdi. Bizim şəxsi heyətin də 40 faizi ora cəlb edilmişdi. Bizə xəbər gəldi ki, bəs Təhsil Nazirliyi önündə mitinq olacaq, tez gedin ora. Ona görə də biz tələsik tez ora yollandıq. Aksiyalarda çox olmuşuq, amma beləsini görməmişdik. Biz görmüşük ki, "talpa" yavaş-yavaş gəlir və biz də onları itələyib uzaqlaşdırırıq. Amma dindarlarda belə olmadı. Onlar bir göz qırpımında yığışa bildilər. Elə o andaca plakatların qalxdığını, "talpa"nın gəldiyini gördük. Artıq nazirliyin qabağına qərəd irəliləyə bilmişdilər və onlardan bəziləri nazirliyin "raşotka"sından tutmuşdular, mən də onları ordan dartıb çəkirdim, qoparıb yerə salırdım. Elə həmin zaman məni Muraday adlı şəxs vurub. Qaşımdan əvvəl iki yumruq dəydi. Sonra gördüm yenə vururlar, daha sona da çoxlu "udar" dəydi mənə."
Hakim, onun Muraday Quluyevdən şikayətçi olub-olmadığını soruşub. O isə bildirib ki, "Heç bir şikayətim yoxdur. Muradaya mümkün olan ən yüngül cəzanın verilməsini xahiş edirəm."
Hakim, Nəsimi Rayon sahə inspektoru Anar İsgəndərovu dəvət edib.
A. İsgəndərov deyib: "Bizə bildirdilər ki, Təhsil Nazirliyinin qarşısına getmək lazımdır. Biz gedəndə artıq çaxnaşma başlamışdı. Mən şəxsi maşınımla getdim. Birdən nəyinsə əlimə dəydiyini hiss etdim. Amma nə olduğunu bilmədim. Bircə onu deyə bilərəm ki, mənə orda xəsarət dəyib. Əlimin şişi indiyədək tam çəkilməyib. Amma burdakılardan heç birini orda görməmişəm. Onların heç birini tanımıram və heç bir şikayətim də yoxdur."
Bakı Şəhər Baş polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin polis kapitanı Emin Əliyev çağırılıb.
Emin Əliyev, "Biz akisya keçiriləcəyi ilə bağlı məlumat aldıq və hadisə yerinə getdik. Nazirliyin qarşısına gedəndən təxminən 20 dəqiqə sonra birdənbirə plakatlı, şuar deyən "talpa" gəlməyə başladı. Harada yığışdıqları heç məlum olmadı. Hər şey "reski" oldu. Tez rəhbərliyə məlumat verdik. Qarşılarını almağa çalışdıq. Elə həmin "mament"də başıma, əlimə, ayağıma zərbələr dəydi. Uzun və qalın dəyənəkləri var idi. 2 metrə çatardı. Mənə kimin vurduğunu o qarışıqlıqda görmədim." deyib.
Hakim: "Dönüb diqqətlə baxın, bu təqsirləndirilən şəxslərin sizi vurduğunu və ya orada kimisə vurduğunu görmüsünüzmü?"
E.Əliyev : "Xeyr, bunların heç birini orda görməmişəm."
Ən son olaraq ÇPA-nın Nərimanov Rayon üzrə bölük komandiri Azər Hüseynov dindirildi.
A.Hüseynov deyib: "ÇPA-nın rəis muavini polkovnik leytenant Nizami İsmayılov bizə aksiya keçiriləcəyi ilə bağlı məlumat verən kimi dərhal Təhsil Nazirliyi yaxınlığına getdik. "Günaydın" restoranı tərəfdən plakatlar qaldıran və şuarlar səsləndirən kütlə gəlməyə başladı. "Hicaba azadlıq", və Misir Mərdənovu istefaya səsləyən şuarlar var idi. Biz qarşılarını almağa çalışırdıq. Orada qarşıma Kərimov Davud çıxdı. Onun əlində plakat var idi. Tutub almağa çalışdım, o da buraxmırdı. Birdən onun yanındakılardan kimsə başımın ön nahiyəsinə ortadan vurdu və başım yarıldı. Əslində vurulacağımızı gözləmirdik. Çünki, bnudan əvvəl belə şey olmamışdı, biz belə şey görməmişdik, birinci dəfə idi."
Məhkəmədə əsas diqqət çəkən məqam ondan ibarət olub ki, ibtidai istintaqdan fərqli olaraq, şahidlər şikayətçi olmadıqlarını bildiriblər.
 
Növbəti məhkəmə prosessi 27 fevral saat 14:00-a təyin olunub.
 
İslamAzeri
Comment