0
Friday 12 April 2013 - 08:18

İlham Əliyevin Davos şousu

Story Code : 253582
İlham Əliyevin Davos şousu
Bu Davos bir şou. Seçkiqabağı şou! Buna uğursuzluq içində Davos deyərlər. Bir var Isveçrə Davosu, bir də var indiki Azərbaycan Davosu. I.Əliyevin açılış çıxışına inansaq, Azərbaycanda 1993-dən bu yana ANALOQU olmayan “inkişaf” gedir. Deyir: “Biz bu gün insan kapitalına sərmayə yatırırıq. Təhsilə qoyulan sərmayə bizə iqtisadiyyatımızı bacarıqla insan kapitalı hesabına inkişaf etdirməyə imkan yaradır”. I.Əliyevin baş administratoru R.Mehdiyev 1993-dən bu yana rüşvətin-korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrilməsi yolu ilə Azərbaycanda təhsilin necə darmadağın edildiyini bircə fraza ilə açıb ortaya qoyur: “Prezident administrasiyasında işə götürmək üçün savadlı hüquqşünas tapa bilmirik”.
Biz bununla birincinin yalan, ikincinin doğru danışdığını demək istəmirik. Bu gün Azərbaycanda bilikli hüquqçular da, başqa professiyalardan olanlar da var. Di gəl, rejimin antidemokratiliyi üzündən onlara dövlət strukturlarında yer verilmir. Belədə hansı insan kapitalından danışmaq olar? Az öncə Ə.Həsənov belə bir çıxışda bulunmuşdu: “Biz Avropa iqtisadiyyatına sərmayə yatırırq”. Kim yalan danışır? Prezident, yoxsa onun sözçüsü? Yox, bu yerdə kimin yalan, kimin doğru danışdığından deyil, “sərmayənin” hara yatırıldığıdan danışmaq gərəkir. Bildiyimiz kimi, Əliyevlər dönəminin başlıca HUMANITAR siyasəti ölkədə INSAN kapitalını darmadağın etməyə, tükətməyə yönəlib. Bunu göz önündəki gündəlik faktlar açıq göstərir: əliyevçi rejim yalnız Avropada deyil, dünyanın hər yerində IQTISADIYATA, başqa cür desək, INSAN kapitalına SƏRMAYƏ yatırır, Azərbaycandan başqa. Bu isə CINAYƏTDIR, açıq cinayət, DÖVLƏT cinayəti!
Işsizlik, yoxsulluq, dolanışıq dözülməzliyi üzündən Azərbaycan boşalır, Azərbaycandan hər il 2 minədək adam-ailə başını götürüb gedir. Az bir arada bircə neftdən 90 milyard gəlir götürən bir ölkədə həkimin, müəllimin, alim-akademikim aylığı, eləcə də pensiyalar 150-300 manat arasındadır. Bunlar, bəlli olduğu kimi, yoxsul Afrika sdandartlarıdır - xalq üçün. Komunal xərclər Avropa sdandartlarına uyğulaşdırılıb - Ailə üçün, korrupsioner rejim üçün. Deyilib, bir daha demək gərəkir: Avropada “iqtisadiyyata sərmayə yatırmaq” avropalılar üçün iş yerləri açmaq, onların yaxşı yaşayışı üçün çalışmaq deməkdir. Işsizlikdən Azərbaycan kəndləri durmadan boşalır. Gedənlər daha çox gənc oğlanlar olduğundan kəndlər qarımış qızlarla dolur. Bu isə demoqrafiyanı durdurmaq anlamında hökumətin xəyanəti, cinayəti deməkdir.
Yaxınlarda I.Əliyevin Xorvatiya baş baxanı ilə görüşü böyük təpki ilə qarşılanmış, sonuncu “korrupsioner diktatorla” görüşməyinə görə qınanmışdı. Onun xalqına dediyi nə olmuşdu: “Azərbaycanla yaxınlaşma Xorvatiya büdcəsinə pul axını yaradacaq”. Baxın, xalqı yoxsulluq-yolsuzluq içində olan Azərbaycan az qala bütün dünya üçün DONOR ölkə rolunu oynayır. Bundan başqa, Pakistandan Fransayadək Azərbaycan FILANTROP - xeyriyəçi ölkə olaraq tanınır. Bunlar çox yaxşıdır, ancaq “qabaqca evin içi, sonra çölü” deyiblər. Niyə Əliyevlər rejimində bunun tərsi olur?
Niyəsini son illər ortaya çıxan faktlar deyir. 1993-2010-cu illər arasında ata-oğul Əliyevlər təkcə offşor zonalara 48 milyard dollar oğurluq pul ötürüblər. 75 milyon dollarlıq Dubay mülkləri, London, Mayami, Çexiya... oğurluq görsənişləri. Dünyanın hər yerində bir-birinin ardınca ortaya çıxan KRIMINAL Ailə biznesi - bütün bunları ört-basdır etmək üçün dünyanın bir çox yerlərində, başlıcası da Avropada FILANTROPIYAYA, SƏRMAYƏ yatırımlarına geniş meydan vermək gərəyi yaranır. Ismayıllının yeni IH başçısı görün nə deyir: “Rayonda ürək açan nəsə yoxdur. Sənaye istehsalı yox, fabrik-zavod yox, iş yerləri yox...”. Bütün ölkə bu gündə! Ölkə bütünlüklə bir Ailənin, ona bağlı çevrənin biznes obyekti yerində olduğu üçün!

Xalıq Bahadır
Comment