0
Tuesday 18 June 2013 - 08:25

İranın yeni prezidenti ABŞ-ın ümidlərini puça çıxardı

Story Code : 274517
İranın yeni prezidenti ABŞ-ın ümidlərini puça çıxardı
APA-nın İRİB-ə istinadən məlumatına görə, “Tədbir və ümid dövləti” adlandırdığı gələcək hökumətinin siyasətini və planlarını açıqlayan H. Ruhani bildirib ki, İran “altılıq” ölkələri ilə nüvə müzakirələrini aktivləşdirəcək: “Nüvə məsələsinin yalnız müzakirə yolu ilə həlli var. Nə sanksiya, nə də təhdid təsirli deyil. Həll yolu qarşılıqlı etimaddır. Əsas məsələ İran xalqının təbii haqqıdır və bu da gələcək hökumətin nəzərdə tutduğu məsələ olacaq. Hər zaman sanksiyaların aradan qaldırılması istiqamətində çalışacağıq. Hazırda müzakirələrin kiçik detallarına varmaq lazım deyil. “Altılıq” ölkələri ilə müzakirələrin davam etməsi üçün uran saflaşdırılmasının dayandırılması dövrü artıq arxada qalıb. Biz bir çox etimad yaratma yollarına malikik. Biz 2005-ci ildə İranda saflaşdırmanın davam etdirilməsi haqda yekun razılığa gəlmişdik. Bu razılaşma ilə fransızlar və almanlar da razı idilər. Təəssüflər olsun ki, ingilislər amerikanların təzyiqləri ilə müxaliflik etdilər və iş yarımçıq qaldı”.
 
İranın yeni prezidenti ABŞ Dövlət Departamentinin onu təbrik etməsinə və Tehranla birbaşa müzakirələr məsələsini qaldırmasına da toxunub: “Bu əlaqə çox mürəkkəbdir. Köhnə bir yara var ki, o tədbirlə müalicə olunmalıdır. Əlbəttə, biz gərginliyin davamı və yaxud genişlənməsinə çalışmayacağıq. Düzgün məntiq iki xalqın ölkənin gələcəyini düşünməsini, onun yaxşılaşması üçün həll yolu tapmasını tələb edir. Lakin ABŞ-la istənilən danışıq qarşılıqlı və bərabər hörmət və mənafe əsasında olmalıdır. ABŞ İranın daxili məsələlərinə müdaxilə etməyəcəyini bəyan etməlidir. Birtərəfli və zorakılıq siyasətlərini kənara qoymalıdır. Hamı bilməlidir ki, yeni hökumət İran xalqının təbii haqqından əsla geri addım atmayacaq və biz bundan çıxış edərək gərginliklərin azaldılması üçün addım atmağa tam hazırıq”.

H. Ruhani deyib ki, sanksiya məsələsi İranın bu gün qarşılaşdığı problemdir: “Hamımız bilirik ki, bu sanksiya zalımcasınadır. Çünki İran xalqı sanksiyaya məruz qalması üçün bir iş görməyib. İranın həyata keçirdiyi iş qanuni və beynəlxalq qaydalar çərçivəsindədir. Sanksiyadan istifadə etmək geridə qalmış mürtəce bir vasitədir. İndiki dövrdə Qərbin özü də iqtisadi problemlərlə üzləşib. Bu sanksiya siyasəti Qərbin zərərinədir və əgər faydası varsa, yalnız İsrailin xeyrinədir. Biz addımbaaddım sanksiyaları azaltmaq üçün tədbirlər görəcəyik. Öncə nüvə proqramlarında daha artıq şəffaflıq yaradacağıq. Biz şəffaflığa malikik, lakin işlərimizin beynəlxalq qanunlar çərçivəsində olduğunu göstərmək və etimad yaratmaq üçün daha artıq şəffaflıq göstərməyə qadirik. Sanksiyalara son qoymağın yolu qarşılıqlı etimad və əməkdaşlıqlarda şəffaflıqdır”.

İranın yeni prezidenti vurğulayıb ki, hökumətin prioriteti öz xarici siyasətində bütün qonşu ölkələrlə dostluq münasibətləri qurmaq olacaq: “Yəni 15 qonşu ölkə ilə qarşılıqlı hörmət və mənafeyə əsasən yaxşı qonşuluq, dostluq və qarşılıqlı münasibətlərlə çox yaxın əlaqələr olacaq. Fars körfəzi və onun ətrafında yerləşən ölkələr körfəzin strateji əhəmiyyətinə görə özünəməxsus xüsusiyyətlərə malikdirlər. Biz bu ölkələrlə həm qonşu, həm də qardaşıq. Qardaş olduğumuz Səudiyyə Ərəbistanında müsəlmanların qibləgahı yerləşir. Yüz minlərlə vətəndaşımız hər il Allahın evini ziyarət etmək üçün Səudiyyə Ərəbistana səfər edirlər. İki ölkə arasında anlaşma üçün xeyli imkan var. Sevinirəm ki, İran və Səudiyyə Ərəbistan arasında ilk təhlükəsizlik razılaşması 1998-ci ildə mən imza atmışam. Ümidvaram ki, gələcək hökumət xüsusilə Səudiyyə Ərəbistan ilə çox yaxşı münasibətlərə malik olacaq. Latın Amerikası ölkələri də İranın münasibət qurmaq istədiyi ölkələrdəndir. Əsas siyasət dünya ilə konstruktiv anlaşmadır və bu seçkilərlə şərait mütləq dünya səviyyəsində dəyişib. Dünyanın ümumən İrana çox müsbət baxır, yeni atmosfer fürsətə çevriləcək və nəticədə bizim dünya ilə münasibətlərimiz yaxşı olacaqdır. Suriya məsələsinə gəldikdə isə bu ölkədəki böhranın həlli xalqın öz öhdəsindədir. Suriyanın müqəddəratı barəsində yekun qərar Suriya xalqınındır. Əlbəttə biz terrorizmlə də, daxili müharibə ilə də müxalifik. Digər ölkələrin məsələlərinə müdaxilələrlə də müxalifik. Ümidvarıq ki, digər ölkələrlə sülh və dinclik Suriyaya qayıtsın və Suriya xalqının istəyi olan sülh bu ölkəyə geri dönsün. Xalqımızın narahat olduğu məsələ daxili müharibədir. Buna və xarici müdaxilələrə son qoyulmalıdır. Suriya xalqının seçdiyi hazırkı hökumət 2014-cü il seçkilərinə qədər iqtidarda olmalıdır və o zaman Suriya xalqı öz hökumətini seçəcək”.
 
“Biz demişik ki, açarımız var, orağımız yoxdur”, - deyən H. Ruhani bildirib ki, gələcək hökumət səriştəliliyi öz əsas iş şüarına çevirəcək: “Hazırkı bütün səriştəli icraçıları dinləyəcəyəm. Ümidvaram ki, bütün səriştəli icraçılardan istifadə olunacaq. Hər yerdə ölkənin başıucalığına səbəb olmalı və düşmənləri ümidsiz qoymalıyıq. Əgər bir şəxs uzaqlaşıbsa, hamını cəzb etməliyik. Əgər bir şəxsin müxalif rəyi varsa, o düşmən hesab olunmamalıdır. Maksimum səyimiz bu olacaq ki, düşmənə İran xalqı qarşısında öz neştərini göstərməyə deyil, baş əyməyə məcbur olduğunu anladaq. Xalqımız da bunu nümayiş etdirdi. 72%-dən çoxu seçkilərdə iştirak etdi və göstərdi ki, İranın başıucalığı sevir. Düşmən bu qüdrəti gördü və bu mütləq düşmənə təsir göstərib. Əgər düşmənçilik fikrində olan şəxslər varsa, bunu davam etdirməyəcəklər. Gələcək hökumət cinahlardan kənar olacaq və mötədillər, islahatçılar və mühafizəkarlardan olan bütün layiqli qüvvələr iştirak edəcəklər. Bu sahədə heç bir məhdudiyyətimiz olmayacaq. Əlbəttə, bu hökumət cinahdan kənar və layiqli olacaq. Mən ümidvaram ki, atmosfer dəyişəcək və bir çox tələblərin gerçəkləşməsinə zəmin yaranacaq”.

İranın yeni prezidenti deyib ki, dövlət tezliklə iqtisadi inkişaf üçün parlamentin iş və gəlirin yaxşılaşdırılması barədə qəbul etdiyi qanunun əsasnaməsini hazırlayacaq: “Dövlət istehsal sahəsindəki problemləri aradan qaldırmaq üçün proqramlaşdırma aparacaq və elə ilk ildə bunun təsirlərini görəcəksiz. İqtisadi məsələlərin həll yolu xalqın əmanətləri və artıq pulların istehsala doğru istiqamətləndirilməsidir. Xalqın əmanətlərinin miqdarı çoxdur. Biz bu əmanətləri istehsal üçün lazımi sərmayə hazırlayan orqanlara doğru istiqamətləndirməliyik. Yəni istehsal üzrə təşviqlər ilk addım kimi atılmalıdır. Turizm sənayesi məsələsi də iş yeri yarada biləcək məsələlərdəndir. “Mehr” mənzil proqramının xidmətləri bu layihənin eyiblərinin aradan qaldırılması ilə müşayiət olunacaq və nağd güzəştlərin xalqa ödənişi də davam edəcək”.

Qeyd edək ki, H. Ruhani 18 milyon 613 min 329 səs (50,07%) toplamaqla İran prezidenti seçilib.
Comment