0
Friday 21 June 2013 - 14:30

Əliyev Brüssel görüşlərindən qabaq ciddi xəbərdarlıq aldı

Story Code : 275531
Əliyev Brüssel görüşlərindən qabaq ciddi xəbərdarlıq aldı
Azərbaycan rəhbərliyi insan haqları sahəsindəki öhdəliklərdən yayınmaq üçün Avropadan xüsusi status istəyir
 
Azərbaycanın dövlət başçısı Ilham Əliyev bu gün Brüsselə səfər edir. Səfər zamanı Əliyev Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo, Avropa Ittifaqının Genişlənmə və Qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Ittifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşəcək.
Görüşlərdə Azərbaycan və Avropa Ittifaqı arasında əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən enerji sahəsində əməkdaşlıq - “Cənub Qaz Dəhlizi” məsələsi və insan haqları sahəsində islahatların müzakirə edilməsi gözlənilir.
 
Əliyevin Brüsseldən istədiyi status
 
Avropa Ittifaqının siyasəti üzərində ixtisaslaşan “Avropanın səsi” qəzeti yazır ki, “Cənub Dəhlizi” ilə bağlı qərarı Azərbaycan və enerji şirkətləri iyunun 28-də açıqlayacaq. Amma artıq indidən Avropaya qaz satmaq müqabilində Ilham Əliyev Barrozodan Azərbaycana özəl münasibəti göstərən xüsusi status istəyir - “Strateji tərəfdaş” statusu.
“Avropanın səsi” iddia edir ki, təklifə görə, Azərbaycan Strateji tərəfdaş statusunda olmaqla, 2009-cu ildən qoşulduğu “Şərq Tərəfdaşlığı” planından çıxa biləcək. Bununla da, Azərbaycan plan çərçivəsində insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklər kimi başağrısından qurtula bilər.
 
Hüquq müdafiəçiləri xüsusi statusa qarşı
 
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə araşdırmaçısı Georgi Qogia məsələ ilə bağlı yazır ki, 2009-cu ildən Azərbaycan “Şərq tərəfdaşlığı” planına qoşulsa da, insan haqları və demokratik islahatlar qarşılığında sərbəst ticarət və viza imkanları yolunda irəliləyiş əldə edə bilməyib. Qogia deyir ki, ildən-ilə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşdiyindən indi Əliyevin xüsusi status tələbinə müsbət cavab verilə bilməz.
 
Avropa İttifaqı Azərbaycan haqda nə düşünür?
 
Avropa Ittifaqının genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle də may ayında Avropa Parlamentinə yazdığı məktubda Azərbaycanın yeni tərəfdaşlıq statusu forması təklifini doğrulamışdı. Ancaq Füle məktubda yazırdı ki, Avropa Ittifaqının xüsusi önəm verdiyi dəyərlər sahəsində Azərbaycan hakimiyyəti islahatlar keçirməyə niyyətli görünmür, əksinə, fundamental insan haqları sahəsində vəziyyət pisləşib.
Üstəlik, Avropa Parlamenti ötən həftə Azərbaycanı insan haqlarının vəziyyətinə görə tənqid edən qətnamə qəbul elədi. Qətnamədə “Respublikaçı Alternativ” (REAL) hərəkatının sədri Ilqar Məmmədov və başqa siyasi məhbusların azadlığa buraxılması üçün Azərbaycan hökumətinə çağırış öz əksini tapmışdı.
 
Səfər öncəsi tənqidi konfrans
 
İlham Əliyevin səfərindən cəmi bir gün əvvəl - dünən Avropa Şurasının Insan Haqları üzrə komissarı Nils Mujnieks Brüsseldə mətbuat konfransı keçirib. Mayın sonunda Bakıya səfəri haqda danışan Mujnieks Azərbaycanda insan haqları sahəsində vəziyyətdən narahatlığını bir daha dilə gətirib. Xüsusən də Azərbaycanda söz və ifadə azadlığı, böhtan və təhqirə görə cəzaların ağırlaşması, internetlə bağlı yeni məhdudiyyətlərin tətbiqi, jurnalist və siyasi fəalların qurama ittihamlarla həbsi, sərbəst toplaşmaq azadlığının təmin edilməməsi kimi problemləri qabardıb.
Komissar “Azadlıq” radiosuna deyib ki, Azərbaycanın “kürü diplomatiyası” və bahalı hədiyyələrlə avropalı deputatları ələ alması, Avropanın da Azərbaycanın qaz ehtiyatı üzündən demokratiyanı arxa plana atdığı haqda fikirlər səsləndiyi bir vaxtda Əliyevlə görüşəcək Barrozonun ona bir mesaj verməsini istəyir.
“Mən ümid edirəm ki, Barrozo ifadə azadlığı, toplaşmaq azadlığının vacibliyini və Avropa Ittifaqının fundamental haqlarının durumunu izlədiyini Əliyevin diqqətinə çatdıracaq. Azərbaycanın Avropa Şurasının üzvü olduğunu və irəliləyişlər etməli olduğunu vurğulayacaq. Bakının mərkəzində kütləvi aksiyalara icazə vermək çətin olmamalıdır, çünki rəsmilər tərəfindən önə çəkilən tıxac problemləri başqa Avropa ölkələrində də var, amma bu, kütləvi aksiyalara mane olmur. Nəyə görə internetdə böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunlar qəbul edilir? Əgər siz eyni vaxtda Venesiya Komissiyası ilə ümumiyyətlə, diffamasiyanın dekrimanllaşdırılması üçün məsləhətləşmə aparırsınızsa, indiki addımınız təzadlı səslənir. Yəni mesajım belə olardı ki, Azərbaycan Avropa Birliyi ilə münasibətdə etibarlı görünmək üçün irəliləyişlər əldə etməlidir. Özü də seçkiöncəsi dövrdə. Çünki seçkiöncəsi dövrdə bu problemlər davam edəcəksə, bu, ümumilikdə prezident seçkilərinin legitimliyini şübhə altına salacaq”, - deyə Mujnieks bildirib.
Comment