0
Thursday 1 July 2010 - 14:17

Orda bir kənd var-uzaqda...

Story Code : 29746
Orda bir kənd var-uzaqda...
Bu gün onların hər biri Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Onların hər biri illər əvvəl uzaq düşmüş istəklərinin, arzularının cücərəcəyi anla yaşayırlar. Nə olsun ki, bir qisim bu azadlığın danışıqlar, bir qisim yalnız döyüş yoluyla nail olacaqlarına inanırlar. Bütün hallarda Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq. 
Bəs görəsən, hamımızın mütləq dönəcəyimiz Qarabağdakı həyatı necə təsəvvür edirik? İnsanlarımız illərlə düşmən tapdağında qalmış, çölləri, dağları, meşələri talanmış, yurd-yuvaları dağıdılmış yerlərə necə qayıtmaq istəyirlər? “Orda görünən kəndimiz”ə qayıtmaq, illər əvvəl yarımçıq qalmış arzularını yenidən cücərtmək üçün onlara nə lazımdır?

Nələri itirmişik?

Dağlıq Qarabağ və onun ətraf rayonlarından olan- Kəlbəcər(1936 km2), Laçın
(1840 km2), Füzuli (1112 km2 ), Qubadlı (826 km2 ), Zəngilan ( 707 km2 ), Ağdam ( 1093.90 km2), Cəbrayıl ( 1080km2) rayonlarının işğalı nəticəsində 1 milyondan çox qaçqın və köçkünlər qazandıq. Hərbi təcavüz respublikamızın 17 min kv. km ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 4366 sosial mədəni obyekt, 1025 təhsil, 788 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km. avtomobil yollarının, 348 körpünün, 7569 km. su və 76940 km. elektrik xətlərinin dağıdılmasına səbəb oldu. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri məhv edildi. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdıldı. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb.
Erməni terrorçuları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdı.

Qayıdış proqramı

Xankəndindən deputat seçilmiş Həvva Məmmədova deyir ki, Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən yurd-yuvalarından didərgin düşən insanlar ölkənin 59-dan artıq rayonunda məskunlaşıblar. Və onların hamısının məcburi köçkün statusu var. Müsahibimin sözlərinə görə, köçkünlərlə görüşdükdə onların istəyi yalnız torpaqların geri qaytarılması olur: ”Bəzən köçkünlər haqqında birmənalı fikirlər səslənmir. Guya onlar torpaqlarına qayıtmaq istəmirlər, burada onların kifayət qədər şəraitləri var. Amma bu heç də belə deyil. Bütün yurd-yuvalarından didərgin düşmüş insanlar öz yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyirlər”.
Millət vəkili deyir ki, qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi istiqamətində hökumətin qayıdış proqramı var. Bu proqramda hər qaçqın və köçkünün işğaldan azad olunan rayonlarda məskunlaşması, infrastrukturun yaradılması, onlar üçün evlərin tikilməsi məsələsi var: ”Onlara əvvəlki evlərindən də gözəl evlər tikilib veriləcək. Ailələr genişlənib, bu da nəzərə alınacaq. Buna heç bir qaçqın və köçkünün şübhəsi olmasın”.
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov da qaçqın və məcburi köçkünlərin geri qaytarılması üçün qayıdış proqramının olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ilkin olaraq dəymiş ziyan müəyyənləşməlidi: ”Bəzən biz deyirik ki, Azərbaycana münaqişə zəminində 60-70 milyon dollar həcmində dəyib. Ancaq sabah buna beynəlxalq təşkilatların şübhəsi olmasın deyə, hökumət, Dünya Bankı, İslam İnkişaf Bankı, BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı və sair beynəlxalq humanitar təşkilatlar və respublikamızda olan səfirliklərlə birgə təkliflər hazırlandı və onlara göndərildi. İlk növbədə dəymiş zərərin müəyyən olunmasıdı, sonra isə torpaqların minalardan təmizlənməsi. Torpaqlar işğaldan azad olunandan sonra minalardan təmizlənmə gedən müddətdə köçkünlərin köçürülmə məsələsinə fikir veriləcək. Bunlar mərhələli şəkildə həyata keçiriləcək”.
Komitə rəsmisinin sözlərinə görə, artıq geriyə qayıdışla bağlı müəyyən təcrübələri də var: ”Ağdam rayonunun bizdə olan kəndlərində 14 qəsəbə salınaraq, bir qism ağdamlılar ora köçürülüb. Həmçinin ölkənin müxtəlif yerlərindən də Füzuliyə 2104 ailə köçürmüşük”.
Komitə sözcüsü qaçqınların istəkləri barədə də danışaraq bildirdi ki, qaçqın və köçkünlərin istəkləri, torpaqlar qayıdandan sonra onlara evlərin tikilməsidi:”Onların bütün istəkləri nəzərə alınır”.

Geri qayıtmada qaçqın və köçkünlər problem yaşamamalıdır...

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı isə danışıqlardan heç nə gözləmir. Deyir ki, bir neçə rayonun qaytarılması istiqamətində danışıqlar gedir, amma bu rayonların qaytarılması belə sual altındadır:”Azərbaycan cəmiyyətini aldatmasınlar. Belə bir təbliğat aparırlar ki, bir rayonu qaytardıqdan sonra ardınca digər rayonları da qaytaracaqlar. Təmamilə yalnış mövqedi. Bir rayonun geri qaytarılması Azərbaycanın Qarabağı təmamilə itirməsi deməkdir. Bu baxımdan torpaqların geri qaytarılması qeyri-mümkündü”.
Müsahibim torpaqların yalnız müharibə yolu ilə qayıtmasına inanır. Və yalnız bundan sonra qaçqın və məcburi köçkünlərin yerləşdirilməsini mümkün sayır: ”Geri qayıtma üçün proqramlar hazırlanır. Burada həm daxili qüvvələr, həmçinin xarici donor təşkilatlar hesabına torpaqların minalardan təmizlənməsi, evlərin tikilməsi kimi məsələlər öz əksini tapıb. Bu məsələdə qaçqın və köçkünlərin heç bir problemi olmayacaq. Bu insanlarla daim təmasda olan bir adam kimi onların böyük əksəriyyətinin qayıtma istəyində olmasını deyə bilərəm. Sadəcə müəyyən bir qisim insanlar şərait yaradıldıqdan sonra qayıtmaq istəyir ki, buna da təbii baxmaq lazımdı”.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov qaçqın və köçkünlərin qayıtması istiqamətində dövlət proqramının olmasının bu məsələdə heç bir problem yaratmayacağını dedi. Səfərov da digər müsahiblərim kimi torpaqlarından didərgin düşən insanların yerləşdirilməsi məsələsində hər bir qaçqın və məcburi köçkünün evlə təmin olunacagını qeyd etdi. Torpaqların qaytarılmasında isə icmanın mövqeyi belədir: ”Biz torpaqların danışıqlar yolu ilə qaytarılmasının tərəfdarıyıq. Müharibə son variantdı. İstəmərik ki, övladlarımız müharibədə həlak olsunlar. Çünki müharibə hər iki tərəfdən itkinin olması deməkdir”.

Köçürülmə:məcburi yoxsa könüllü...

Köçürülmənin könüllü, yoxsa məcburi olmasına gəlincə, müsahiblərimin fikrləri haçalanır. Belə ki, millət vəkili H.Məmmədova hər bir köçkünün öz torpaqlarına qayıtmağa borclu olduğunu bildirdi:“Bizim yerimizə başqa adam gəlib o torpaqda yaşamayacaq ki?”
“QMKİDK-nın rəsmisi S.Hüseynov isə qaçqın və məcburi köçkünlərin köçürülməsinin könüllü olacağını dedi:”Oların geriyə qayıdışı könüllülük prinsipi ilə həll olunacaq”.
QAT sədri A.Nağı isə hesab edir ki, müəyyən administrativ addımlar atılmalı və onların geri qaytarılması məcburi olmalıdır.
Laçınlı həmkarım Şamo Quliyevə görə, köçrülmə könüllü olmalı və dövlət orada elə bir şərait yaratmalıdı ki, əhali özü qayıtmaqda maraqlı olsun. Bundan əlavə, həmkarım işğaldan əvvəl də həmin rayonların, eləcə də digər rayon əhalisinin paytaxta axın etdiyini dedi:” Məcburi köçkün olan bir gənc Bakıda hansısa şirkətdə və ya dövlət orqanlarında özünə karyera qurub. İndi həmin adamı məcburi geri göndərmək olarmı?”.

Köçkünlərin qayıtmaq üçün şərtləri var...

Qayıdışla bağlı yurdlarından didərgin düşmüşlərin də mövqelərini öyrənirik. Ayna Sultanova heykəlini arxasındakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin yekdil istəkləri var-torpaqların geri qaytarılması. Amma bununla yanaşı onların, torpaqlarına geri qayıtmaları üçün kiçicik, hətta təbii şərtləri var.
Ağdam rayon köçkünü Aydın Rüstəmov deyir ki, Ağdamda 21 sot torpağı, iki mərtəbəli evi, meyvə ağacları və toyuq-cücələri var idi: ”İndi mən demirəm ki, mənə toyuq-cücəmi versinlər, villa tiksinlər. İlk növbədə torpaqlar alınsın və minalardan təmizlənsin. Ev tikməsələr də belə özümüz bir daxma tikib içində oturarıq. Təki torpaqlarımız geri qaytarılsın”.
Məhərrəm Cəfərov da Ağdamda yaşayanlardan olub. Deyir əsas torpaqların qaytarılmasıdı: ”Minalar təmizlənməlidi. Bizi də, aparıb ora tökən deyillər ki? Yəqin ki, hökumət bir köməklik edər. Biz bura köçəndə hər bir evdə 2-3 yaşında uşaqlar olub. İndi həmin uşaqlar böyüyüb, ailə qurublar. Ailə genişlənib, bir otağa sığışmır. Heç bir maraqlanan yoxdur ki, bu ailə böyüyüb, bunları sığışdırmaq lazımdı. Bu problemdən dolayı gənclərimiz evlənmək istəmirlər. Torpaqlarımız geri qaytarılsa övladlarımız hərəsi bir daxma tikib, ailəsilə birgə yaşaya bilər”.
Əli Əliyev və Zümrüd Quliyeva isə konpensasiyanın tərəfdarıdırlar. Deyirlər ki, bu ən yaxşı vasitədir. Onların sözlərinə görə, konpensasiya ödənilsə özləri istədikləri şəraiti qura bilərlər.
Zəngilan rayon köçkünü Vidadi Niftəliyevin də istəyi evdir. “Nə mal, nə də var-dövlət istəyirəm. Əgər torpaqlar qayıdarsa istədiyim yalnız ev olacaq”.
Füzuli rayon köçkünü Ramazan Vəliyev isə deyir ki, qayıtmaq üçün ilk növbədə ərazilərdə infrastruktur qurulmalı, insanların yaşayışı üçün şərait yaradılmalıdır ki, insanlar ora qayıda bilsinlər: ”Hamı can-başla qayıtmalıdır. Amma müəyyən şəraitlə”.
Yeni Qala qəsəbəsində məskunlaşan Laçından olan məcburi köçkünlərlə də görüşdük. Burada yataqxanada məskunlaşan köçkünlərlə müqayisə vəziyyət bir qədər yaxşı idi. Ən azından ona görə ki, hər ailə, ailə üzvlərininıin sıxışa biləcəyi ölçüdə evlər tikib, özlərinə şərait qurublar. Amma burada qurduqları şəraiti Laçınla müqayisəyə belə gətirmək istəmirlər: ”Bizə torpağımız lazımdı. Ya torpağımızı geri qaytarsınlar, ya da ki, imkan versinlər özümüz qaytaraq. Quru torpağı versinlər, özümüz öz şəraitimizi quraq. Necə ki, burada qurmuşuq. Burada yaratdığımız bütün şəraitdən düşünmədən imtina edə bilərik. Çünki burada yaratdığımız şərait Laçınla müqayisəyə belə gələ bilməz”. Bu sözləri Laçından köçkün düşən Qəşəm Həsənov dedi.
Laçını görməyən 11 yaşlı Pərviz də dədə-baba yurduna qayıtmağı səbirsizliklə gözləyir. Deyir, Laçını görməyib, amma o torpaqda yaşamağın həsrətindədi. “Evdə Laçından çox söhbətlər edilir. Mənim üçün də maraqlıdı o torpağı görmək”.
Müsahibim Meyxanım xala da Laçının həsrətini çəkir. Deyir, torpaqların qayıtması günü görməsə rahatlıq tapa bilməyəcək: ”Torpaqlar qayıtsın, heç bir şərt filan umrumda deyil. Bircə minalardan təmizlənsin, gerisi Allah Kərimdi. Laçını heç bir şərait, heç bir dəbdəbə əvəz edə bilməz. Bulaq suyu olan gözəl diyarımı düşmən viran edib, biz isə burada susuzluqdan əziyyət çəkirik. Amma Laçın cənnət məkanı idi”.

Aytən NƏBİYEVA
Source : faktxeber
Comment