0
Thursday 30 September 2010 - 17:16

"YAP SEÇİCİLƏRƏ PUL PAYLAYIR"

Story Code : 38784
"YAP SEÇİCİLƏRƏ PUL PAYLAYIR"
"YAP SEÇİCİLƏRƏ PUL PAYLAYIR"
“AXCP-Müsavat” siyasi partiyalar blokunun mətbuat xidmətindən Faktxeber.com-a daxil olan bəyanatda bildirlir:

"AXCP-Müsavat" siyasi partiyalar bloku bildirir ki, dairə seçki komissiyalarında olan özbaşınalıq halları gün-gündən artmaqdadır. Belə ki, 78 saylı Lerik seçki dairəsində deputatlığa namizəd Nobatəli Pələngov və onun səlahiyyətli nümayəndəsinə heç bir məlumat və sənəd verilmədən DSK onun namizədliyinin qeydə alınmaması haqqında qərar çıxarmışdır. Dəfələrlə dairə seçki komissiyasına müraciət etməsinə baxmayaraq, qərarın surətini hələ də namizədə təqdim etməyiblər.
25 saylı Nizami ikinci seçki dairəsində Yeni Azərbaycan Partiyasının namizədinin səlahiyyətli nümayəndələri tərəfindən seçicilərə pul paylanması halları müşahidə edilib ki, bu da Seçki Məcəlləsinin 88-ci maddəsinin kobud şəkildə posulmasıdır.
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsində deputatlığa namizəd Pərviz Həşimlinin səlahiyyətli nümayəndəsinə qarşı polis tərəfindən kobudluq edilərək, dairə ərazisindən uşaqlaşdırılmış, dairə seçki komissiyasında yetərsay olmadan P.Həşimlinin namizədliyinin qeydə alınmaması barədə qərar çıxardıqlarını bildirmiş, DSK-nın qərarını isə namizədə verməmişlər.
48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir, 113 saylı Şəki şəhər seçki dairələrində blokun namizədlərinin imza vərəqələrinə imza atmış seçicilərə qarşı təzyiqlər edərək imzalarından imtina etməyə təhrik edirlər.
113 saylı Şəki şəhər seçki dairəsində deputatlığa namizəd Sahib Kərimovun səlahiyyətli nümayəndəsinin ticarət obyektinə qeyri-qanuni müdaxilə edərək, onun sənədlərinin surətlərini alıb getmişlər.
Dəfələrlə mətbuatda qeyd olunmasına, “AXCP-Müsavat” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin yazılı və şifahi müraciətlərinə və Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin mətbuata açıqlamasına baxmayaraq, namizədlərə əlavə imza vərəqələrinin verilməsi prosesində məhdudiyyətlər hələ də aradan qaldırılmayıb. 46 saylı Şirvan, 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir, 61 saylı Neftçala, 67 saylı Cəlilabad şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 105 saylı Tovuz seçki dairələrində əlavə imza vərəqələri verilməsi haqqında müraciətləri ümumiyyətlə qeydə almaqdan imtina etmişlər.
“AXCP-Müsavat” siyasi partiyalar bloku bəyan edir ki, namizədlərə qarşı qanunsuz münasibət əslində hakimiyyətin bərabər rəqabət şəraitində demokratik seçki keçirmək istəyinin olmadığını göstərir və əvvəlcədən seçkilərin nəticələrini şübhə altına alır.
Source : Faktxeber
Comment