0
Sunday 19 June 2011 - 06:03

Bu gün İctimai Palatanın mitinqidir

Story Code : 79685
Bu gün İctimai Palatanın mitinqidir
Bu gün İctimai Palatanın mitinqidir
Mitinqə hazırlıq isə bu günədək davam etdirilir. Müsavat Partiyası ilə AXCP-nin Bakı və ərazisi işğal olunmuş rayon təşkilatları, həmçinin Sumqayıt şəhər təşkilatlarında mitinqlə bağlı son bir həftə ərzində toplantılar keçirilib. Hazırlıq tədbirləri dünən də davam etdirilib.

Partiyaların mətbuat xidmətindən verilən məlumatlarda deyilir ki, hakimiyyətin aksiyaya icazə verməməsi hazırlıq işlərinə təsir etməyib.
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə bildirdi ki, hakimiyyətin mitinqə icazə verəcəyinə onlar da əvvəldən inam olmayıb: “Bunu mətbuata açıqlamalarımızda da demişdik ki, hakimiyyətin inadkarlığından əl çəkib mitinqə yer ayıracağına inanmırıq. Bunu bildiyimizdən də hazırlıqlarımız razılaşdırılmamış dinc aksiya variantına hesablanıb. Yəni biz aksiya hazırlıqlarında nəzərə almışıq ki, bu aksiya razılaşdırılmamış olacaq. Biz bəyan edirik ki, İctimai Palata dinc aksiya keçirməkdə maraqlıdır. Bizim tərəfimizdən qanunlara tam əməl olunacaq”.
Müsavat rəsmisi mitinq hazırlıqlarının gedişindəki aktivlikdən razı qaldıqlarını dedi: “Biz aktivlikdən və partiya fəallarının toplantılara kütləvi qatılmasından da bu qənaətə gəlmişik ki, 19 iyun aksiyası əvvəlkilərdən güclü olacaq”.
İctimai Palatanın Qadınlar Şurasının sədri, AXCP sədrinin müavini Gözəl Bayramlı da təmsil olunduğu partiyanın və qadınların mitinqə ciddi hazırlaşdığını bildirdi: “Mitinqə ciddi hazırlıqlar gedib. AXCP üzvləri aktiv iştirak edəcəklər. Mitinqdə iştirak edəcək qadınlar yalnız İctimai Palatanın üzvləri ilə kifayətlənməyəcək. Bizim şurada olmayan, bitərəf olan, başqa partiyalardan olan xanımlarımız da var ki, onların da mitinqdə fəal iştirakı gözlənilir”.
Dünən isə İP-in 19 iyun mitinqinə qurumdan kənarda olan qüvvələrdən dəstək gəlib. Poliqon İnformasiya Agentliyi məlumat yayıb ki, siyasi məhbus, sabiq səhiyyə naziri Əli İnsanov yaxın adamları vasitəsilə həmyerlilərinə İctimai Palatanın mitinqinə dəstək vermək çağırışı göndərib.
Milli Qurtuluş Partiyası da dünən bəyanat yayaraq İP-in 19 iyun mitinqini dəstəklədiyini bəyan edib.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov isə bildirib ki, iyunun 19-na təyin olunmuş mitinqin təşkilatçıları mitinqdən bir gün öncə polisə çağırılacaq. Səhlab Bağırov vurğulayıb ki, “Nərimanov” kinoteatrı qarşısında planlaşdırılan aksiyanın icazəsiz olması ilə bağlı mitinq təşkilatçılarına xəbərdarlıq olunacaq: “Biz çağırıb sözümüzü deyəcəyik. İcra Hakimiyyəti onlara yer verib. Buyurub, ayrılmış yerdə aksiyalarını keçirsinlər. Əgər ayrılmış yerdə aksiya olacaqsa polis də asayişi təmin edə bilər. Əks halda onlar icazəsiz aksiyaya cəhd edəcəklərsə, qarşılarında polis görəcəklər” .
Rəis müavini deyib ki, təkcə “Nərimanov” kinoteatrının ətrafı deyil, bir çox yerlər nəzarətə götürüləcək və hər hansı qanunsuz cəhdin qarşısı dərhal alınacaq.
Qeyd edək ki, bu mitinq Səhlab Bağırovun BŞBPİ-nin rəis müavini vəzifəsinə təyin olunduqdan sonra keçirilən ilk mitinqdir. İndiyə qədər keçirilən bütün mitinqlərin dağıdılmasına onun sələfi Yaşar Əliyev rəhbərlik edirdi. 19 iyun mitinqi son 15 ildə Yaşar Əliyevsiz keçiriləcək ilk aksiyadır. /Musavat/

Comment