"NewYorkTimes"-ın verdiyi məlumata əsasən, ABŞ-da son prezident seçkilərində Donald Trampın rəqibi olmuş xanım Hillari Klinton ABŞ-da koronavirus xəstələrinin sayının 120 mini ötməsini xatırladaraq Trampı ələ salıb. O Tvitter hesabında Donald Trampın seçkiqabağı təbliğat-təşviqat kampaniyasındakı sözlərini xatırladaraq yazıb: "O (Tramp) söz vermişdi ki, Amerika birinci olacaq!"
Hillari Klinton 2020-ci il ABŞ prezident seçkilərində Demokratların yeganə hədəfinin Trampı məğlub etmək olduğunu bildirib. O deyib ki, Trampın Ağ Evdə dağıdıcı siyasətini daha 4 il izləyə bilmərik.
Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma 20 yanvarda qeydə alınsa da hazırda ABŞ bütün dünyada bu virusa yoluxmuş xəstələrin sayına görə ilk pillədədir. Bu günədək Amerikada 123578 nəfər koronavirusa (Covid-19) yoluxub. ABŞ-da təkcə ötən gün 19452 yeni yoluxma, 525 ölüm qeydə alınıb. Amma bütün bunlara baxmayaraq, Tramp hələ də Nyu York ştatında və digər bir neçə ştatda karantin tətbiq edilməsinə razılıq vermir.